Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Okt

    Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonumuzun bir qrup təhsil işçisi fəxri adlarla və döş nişanları ilə mükafatlandırılıb. Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevda Vəliyevanın da adı mükafatlandırılanlar arasındadır. Bununla əlaqədar məktəbdə müəllimlə görüşdüm. Əvvəlcə qısa tərcümeyi-halını soruşdum. Öyrəndim ki, 1963-cü il mayın 17-də Tərtər şəhərində doğulub. 1969-cu ildə rayonun ən qabaqcıl ümumtəhsil məktəblərindən olan, həm də özündən böyük qardaş və bacılarının təhsil aldığı 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 1979-cu ildə orta məktəbi bitirib. Elə həmin il ali məktəbə qəbul olub. 1983-cü ildə keç-miş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib və təhsil aldığı orta məktəbdə riyaziyyat müəllimi olaraq fəaliyyətə başlayıb.
    Sevda müəllim söhbət zamanı bildirdi ki, pedaqoji fəaliyyətə başladığı gündən 41 ildən artıq vaxt ötüb. Bu illər müəllimin ömrünə öz naxışlarını çəkib. Hər şeydən əvvəl peşəsini və şagirdlərini sevərək çalışıb. Bu sevgini onda orta məktəbdə dərs demiş müəllimləri yaradıb. Sabir Paşayevin, Mikayıl Səfərovun yetişdirdiyi yüzlərlə müəllimlərdən biri də Sevda müəllimdir. Bu anda vaxtı ilə söylənmiş bir atalar sözü yadıma düşdü: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Bu fikirləri Sevda müəllim haqqında da söyləmək yerinə düşər. Bu gün onun yetirmələri ölkəmizin hər yerində fəaliyyət göstərir, təhsil ocaqlarında çalışaraq təhsilimizin inkişafına nail olurlar. Yaddaşında olan bir neçə yetirməsinin adını iftixarla çəkdi.
    – Laçını, Fəridi, Cabiri, Günayı, Emili, Vəfanı, Aidəni və bir çoxlarını necə unuda bilərəm. Şagirdlərimin hər biri övladlarım qədər doğma olublar mənə. Öz peşəmi sevdiyimdəndir ki, sinfə daxil olanda heç bir şagirdə fərq qoymuram. Axı, mən bu cür öyrənmişəm, belə də öyrətməliyəm, – deyir.
    Dahi Sokrat “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllim əməyinə əsla dəyər verilə bilməz”, – deyib. Lakin dövlətimiz və insanlarımız tərəfindən öz peşəsinin vurğunu olan, gecəli-gündüzlü gözlərinin nurunu insanların savadlanmasına sərf edən müəllimlərimiz əziz tutulur, zəhmətləri qiymətləndirilir. Sevda müəllim də 2002-ci ildə Təhsil Nazirliyi tərəfindən rayon üzrə “İlin ən yaxşı müəllimi” seçilərək 2-ci dərəcəli diploma layiq görülüb. Bu il isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Dəfələrlə rayon rəhbərliyi, təhsil şöbəsi və YAP rayon təşkilatı tərəfindən “Təşəkkürnamə”, “Fəxri fərman”la mükafatlandırılıb. Ən böyük mükafatı isə şagirdlərinin sevgisində görür Sevda müəllim.
    Söhbətimiz zamanı öyrəndim ki, o, həm də qayğıkeş ana və nənədir. 2 oğlu var. Ülvi və Rasif. Hər ikisi ali təhsil alıb, müxtəlif sahələrdə çalışırlar. Ülvi ailəlidir, Bakı şəhərində işləyir. Sevda müəllim 2 şirin-şəkər nəvənin nənəsidir və on-ları çox sevir.
    Onu da bildirim ki, Sevda müəllim ziyalı bir ailənin nümayəndəsidir, həm də kiçiyidir. Atası Ərşad müəllimlə anası Matan xanım birlikdə 6 övlad böyüdüblər. Övladlarının hər birini təhsilli, Vətənə layiqli övlad kimi yetişdiriblər. Bu gün Sevda müəllim boya-başa çatdığı ailəsiylə qürur duyur. Ata-anasına, qardaş və bacılarına sonsuz minnətdarlıq edir. Ailənin kiçiyi olaraq həmişə böyüklərin qayğısını öz üzərində hiss edib. Sevda müəllim doğmaları ilə bərabər çalışdığı kollektivin və təhsil sektorunun rəhbərliyinə öz minnətdarlığını bildirdi.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.