TƏRTƏRİN YENİ İNKİŞAF DÖVRÜ BAŞLAYIR!
Gözünüz aydın, tərtərlilər!
Üç il əvvəl olduğu kimi, bu iin sentyabr ayı da tariximizə qızıl hərflərlə yazıldı. Heç zaman unudulmayacaq şanlı tariximizə!
Möhtərəm Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun ildırım sürəti və zərgər dəqiqliyi ilə apardığı lokal antiterror əməliyyatı nəticəsində erməni separatçılarının 30 il ərzində Qarabağda qurduqları və oradan daim Tərtəri və digər rayonlarımızı atəşə tutduqları istehkamlar darmadağın edildi. Dayanmadan torpaqlarımıza daşıyıb yığdıqları ölüm saçan silah və sursatlar müsadirə olundu.
Bu əməliyyatdan sonra dinc erməni sakinləri illər uzunu nə qədər aldandıqlarını dərk etdilər. Çünki separatçılardan fərqli olaraq, Azərbaycan əsgərlərinin hədəfi dinc əhali deyil, hərbi obyektlər idi.
Dövlətimiz bir daha humanizm göstərərək, Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağın erməni sakinlərinə ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşamağı təklif etdi. Ağdam-Xankəndi yolu ilə onlara humanitar yardımlar göndərildi.
Lakin əlləri minlərlə azərbaycanlının qanına batmış cinayərkarları layiq olduqları cəza gözləyir. Bu istiqamətdə dövlətimizin apardığı siyasətin nəticəsi olaraq keçmiş xuntanın üzvləri ya tərəfimizdən zərərsizləşdirilir, ya da özləri təslim olurlar. Çirkli pulların yuyulması ilə milyardlar əldə etmiş Ruben Vardanyanın da qolları qandallı Azərbaycanın haqq-ədalət məhkəməsi qarşısında dayandığını gördük. Topladığı milyardlar onun köməyinə çatmadı.
Sentyabrın 28-də isə qondarma respublikanın qondarma rejiminin özünü buraxması xəbərini eşitdik. Bu xəbər bütün xalqımızı, o cümlədən tərtərliləri ürəkdən sevindirdi.
Əminik ki, bundan sonra o müqəddəs torpaqlarda bir nəfər də olsun əliyaraqlı erməni qulduru qalmayacaq. Onların ayaqları şəhid qanı ilə boyanan həmin torpaqlara bir daha dəyməyəcək. Elədiklərinin cəzasını isə həm Tanrı tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən alacaqlar.
Bəli, Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi. Xalqımız bu çətin və şərəfli yolda yenə də şəhid verdi, igidlərimiz yaralandı. Qəhrəman tərtərlilər böyük ehtiramla öz şəhidlərini qarşıladılar. Vətən müharibəsi şəhidləri kimi, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatı nəticəsində ən uca məqama – şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz – Səhlabad kəndindən Lalayev Ruslan Akif oğlunun, Qaradağlıdan İbrahimov Elnur Səxavət oğlunun, Seydimlidən Səfərov Cavid Rövşən oğlunun, Kəngərlidən Abbaszadə Emin Faiq oğlunun, Çardaxlıdan Ağayev Kənan Vahid oğlunun, Evoğludan Vəlizadə Rəşad Elşən oğlunun əziz xatirəsi əbədi ola-raq qəlbimizdə yaşayacaqdır. Allah şəhid-lərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz tezliklə sağlamlıqlarına qovuşsunlar.
Məhz bu igidlərin qəhrəmanlığı, vətənpərvərliyi sayəsində illərlə həsrətini çəkdiyimiz gün yetişdi –Tərtər-Kəlbəcər yolu açıldı.
Artıq Tərtərimizə “kasib rayon, girişi var, çıxışı yoxdur” kimi sözlər deməyəcəklər.
Tərtərdən dağlara doğru gedən yolların açılması ilə rayonumuzun iqtisadiyyatı daha da inkişaf edəcək. Sərsəng Su Anbarının Azərbaycanın nəzarətinə götürülməsi ilə torpaqlarımıza dirilik suyu gələcək.
Cari ilin sentyabrı həyatımızda çox şeyi dəyişdi və dəyişəcək. Tərtərin ağ günləri bundan sonra başlayacaq. Bütün tərtərlilər adından Prezident İlham Əliyevə sonsuz təşəkkürlərimizi bildiririk. O, xalqımıza nəyi nə zaman, necə edəcəyini yaxşı bildiyini söyləmişdi, həmişə olduğu kimi, bu dəfə də vədinə şərəflə əməl etdi. İllərlə bizi atəş altında saxlayan düşməni birdəfəlik susdurdu.
Cənab Ali Baş Komandan İlham Əliyevin, çoxhörmətli Mehriban xanımın Qarabağa hər gəlişi Azərbaycanda kişi sözünün əmələ çevrildiyinin əyani sübutudur.
Svetlana BAĞIROVA