Bir əsrin şahidi olan həmyerlimiz
Hətəm Əsgərov 1923-cü ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Yaddaşında bütöv bir əsrin təlatümləri, müharibələri, uğursuzluqları və qələbələri ilə bağlı xatirələr yaşayır. Bu barədə saatlarla danışsa da, yorulmaq bilmir.
Gəncliyi Böyük Vətən Müharibəsi dövrünə təsadüf edib. Müharibə o dövrün bütün insanları kimi onun da həyatına öz möhürünü vurub. Deyir ki, 1942-ci ilin fevral ayından qardaşı itkin düşüb, çox ağrı-acılar yaşayıblar.
Müharibədən sonra gənc Hətəm bir müddət müxtəlif yerlərdə çalışıb. Sonra o zamankı Kənd Təsərrüfatı Akademiyasını (indiki Aqrar Universiteti) qiyabi yolla bitirərək, kolxozda briqadir vəzifəsinə təyin olunub. Bu illəri həyatının uğurlu dövrü hesab edir. Komsomolçu gənclər briqadasına rəhbərlik edirdi. Briqada pambıqçılıqda rayon üzrə ən yüksək nəticələr qazanırdı. Hətəm kişi həmin uğurlarına görə Moskvada Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirakı, buradakı təəs-süratları haqqında elə danışır ki, sanki bunlar 50-60 il bundan əvvəl yox, elə dünən olub.
Hətəm Əliyev onu da söylədi ki, Ulu Öndər Heydər Əliyevin yaşıdı və müasiri olduğu üçün özünü xoşbəxt insan hesab edir. Çünki 1969-cu ildən başlayaraq və sonradan həm Moskvada çalışdığı zaman, həm də ikinci dəfə Azərbaycana hakimiyyətə qayıtdığı dövrdə Ümummilli Liderin bu xalq, bu ölkə üçün elədikləri bugünkü günümüzün möhkəm özülünü qoyub. Ulu Öndərin siyai varisi, ata vəsiyyətini layiqincə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyev isə bizlərə tarixin ən böyük Zəfərini bəxş etdi. Azərbaycan xalqı rahat nəfəs aldı.
Bir ağsaqqal, 6 övlad, 25 nəvə sahibi kimi Hətəm Əsgərov möh-tərəm Prezidentimiz İlham Əliyevə öz təşəkkürünü bildirməyi xahiş etdi. O dedi:
–Ulu Öndərin yaşıdı kimi mən bu insanın necə sözübütöv, vədinə əməl edən olduğunun şahidiyəm. Belə atanın məhz İlham Əliyev kimi oğlu olar. Biz öz Prezidentimizlə, onun gördüyü işlərlə fəxr edirik. Arxayınıq ki, övladlarımız, nəvələrimiz bütöv Azərbaycanda yaşayacaqlar. Çox şükür ki, bu günləri görmək mənə də nəsib oldu.
Sonda biz də 100 yaşlı həmyerlimizə cansağlığı, həmişə gümrah olmağı arzulayırıq.
Svetlana BAĞIROVA