2022-2023-cü tədris ilində Tərtər rayonunda 11-ci sinfi 662 məzun bitirib. Onlardan 362 nəfər ali məktəblərə sənəd verib, 255 nəfəri tələbə adını qazanıb. Rayon üzrə 2 nəfər 600-dən yuxarı, 8 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Ali məktəblərə qəbul olan bütün gəncləri, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini ürəkdən təbrik edirik!
Tələbəlik illəriniz uğurlu və faydalı keçsin. Yüksək zirvələrə aparan yolda hər birinizə cansağlığı, səbr və iradə arzulayırıq.
Qarabağ qazisinin qızı ADA universitetinin tələbəsidir
Bu günlərdə I Qarabağ müharibəsi veteranı Qurban Əhmədovun ailəsində böyük sevinc yaşandı. Ailənin ikinci övladı, şəhər 2 saylı məktəb-liseyin məzunu Aysel Əhmədli 621 bal toplayaraq, ADA Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsi oldu. Ayselin böyük qardaşı Kənan Atatürk Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbəsidir. Kiçik qardaşı isə hələ məktəblidir.
Redaksiyada olarkən Aysel bildirdi ki, bu uğuruna görə həm valideynlərinə, həm də müəllimlərinə çox minnətdardır. Tələbə qız elmin çətin yollarında onun əlindən tutub aparan müəllimlərinə möhkəm cansağlığı arzuladı. O dedi:
– Biz gənclər çəkilən zəhmətin əvəzini yalnız ölkəmizin layiqli vətəndaşı olmağımızla qaytara bilərik. Bundan ötrü var qüvvəmlə çalışacağam.
Aysel onu da bildirdi ki, ali məktəbə qəbul barədə xəbəri anbaan gözləyirdi, ancaq yenə də rəfiqəsi Dilarə Ağazadə ondan irəli düşdü və hər ikisinin tələbə adını qazandığını ona Dilarə söylədi. Rəfiqəsi də yüksək balla Azərbaycan Tibb Universitetinə daxil oldu.
Ulu Öndər Heydər Əliyev deyirdi: ”Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.”
Şəhər 2 saylı məktəb-lisey daim məzunlarının qazandığı uğurlarla qürur duyur. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində bu məktəbin yetirmələrinin əldə etdikləri yeni nailiyyətlər Heydər Əliyev ənənələrinə sadiqliyin daha bir nümunəsidir.