Nərgiz müəllimin arzuları
Mürşüd Məmmədov rayonumuzun sayılıb-seçilən ziyalılarından olub. Uzun müddət böyük tikinti təşkilatına rəhbərlik edib. Həm camaat arasında, həm də rəhbər orqanlar arasında xüsusi nüfuza malik insanlardan biri idi. Rayon iqtisadiyyatının inkişafında öz yeri olan bir ziyalıydı. Bu gün onun ailəsində böyüyən nəvəsi Nərgiz Məmmədzadə babasının ziyalılığından bəhrələnərək ona layiq olmağa çalışır. O, öz üzərində daim çalışan və tələbkar gənc müəllimdir. Onun çoxlu arzuları var. Ən əsası gələcəkdə babası kimi dürüst, xətir-hörmətli, xalqın etimadını qazanmış, vətənpərvər bir şəxsiyyət olmaq arzusundadır.
İstərdim ki, Nərgizin tərcümeyi-halına nəzər yetirək. O, 1998-ci il avqust ayının 25-də Tərtər rayonunda anadan olub. Orta təhsilini 2017-ci ildə Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə bitirib. Elə həmin il Sumqayıt Dövlət Universitetinin “Filologiya” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına daxil olub. 2021-ci ildə universitetin bakalavr səviyyəsini müvəffəqiyyətlə başa vurub. Təhsil aldığı illərdə bir çox təhsil forumlarında və Beynəlxalq konfranslarda iştirak edərək müxtəlif dərəcəli sertifikatlar alıb.
2022-2023-cü tədris ilində Müəllimlərin İşə Qəbulu imtahanında 80 bal toplayaraq Tərtər rayonu üzrə birinci sırada yer alıb və Zolgəran kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətə başlayıb. Söhbətimiz zamanı gənc müəllim kimi fəaliyyətindən söz açdı. Bildirdi ki, “təhsilimizin inkişafı üçün daim yeniliklər axtarışındayam. Bunun üçün Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmuşam. Bundan əlavə ana dilimizin inkişafı üçün müxtəlif konfranslarda və tədbirlərdə, eləcə də ədəbiyyatşünasların yaradıcılıq gecələrində çıxış etmişəm. Gənc müəllim olmağıma baxmayaraq, 4 illik təcrübəmə əsasən təkcə Tərtərdə deyil, digər bölgələrdə də (onlayn təhsildə) yüksək nəticə əldə etmiş şagirdlərimlə və müdavimlərimlə tanınıram.”
Gənc müəllimlə söhbətimdə anladım ki, o, yüksək potensiala malikdir və bunu sərf etmək üçün bütün qüvvəsindən bacarıqla istifadə etməyə can atır. Bu yolda Nərgiz müəlliməyə uğurlar arzulayıram. Şərəfli müəllim peşəsində layiqli pedaqoqların davamçılarından olsun. Elə gələcək arzusu da hörmətli müəllim kimi tanınmaqdır. Uğurlar, Nərgiz müəllimə!
Elfuzə Vəliyeva