Payız mövsümü başlayır, özünüzü və ailənizi infeksion xəstəliklərdən qoruyun
Payızın gəlişi ilə infeksion xəstəliklərin də “mövsümi” başlayır. Tibb mütəxəssislərinin fikrincə, adətən fəsil keçidləri zamanı insan orqanizmində müəyyən dəyişikliklər yaşanır. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü qabarıq büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Bu sırada soyuqdəymə, qrip, mədə-bağırsaq, ürək-damar sistemi və allergik xəstəliklərin, vitamin çatışmazlığının doğurduğu patoloji halları qeyd etmək olar. Mütəxəssislərin sözlərinə görə, payız mövsümündə orqanizmdə xəstəliklərin yaranmasına səbəb olan bir neçə faktor var: havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü və sürəti, elektromaqnit sahəsi və sair.
Həkimlərin fikrincə, ətraf mühitin təsirlərinə adaptasiyanı adamlar müxtəlif cür keçirir. Xüsusilə xəstə insanlarda problemlərin yaranması mümkündür. O sırada ürək-damar, böyrək və xroniki xəstəlikləri olan, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər diqqətli olmalıdırlar. Qışa doğru havanın hərarəti endikcə ən çox rast gəlinən xəstəliklər soyuqdəymə ilə bağlı olur. Fəsil dəyişmələri ilə bağlı olan digər xəstəliklər mədə xorası, şəkərli diabet, allergik xəstəliklərdir ki, mövsüm zamanı bunlar daha da kəskinləşir.
Həkimlər bildirirlər ki, mövsümi xəstəliklərdən qorunmaq üçün önləyici tədbirlərin görülməsi vacibdir. Fəsil dəyişmələrində önləyici tədbirlər görülməlidir ki, ağırlaşmalar baş verməsin. Payız gələndə hava ritminə uyğun geyinmək lazımdır. Məsələn, bir də görürsən, günün birinci yarısı hava günəşli olur, ikinci yarısında isə birdən dəyişir, havanın hərarəti enir. Belə havada uzun müddət yüngül geyimlə qaldıqda, bədənin temperaturunun aşağı düşməsi soyuqdəyməyə gətirib çıxarır. Soyuqdəymə isə xroniki xəstəlikləri, məsələn, xroniki bronxiti, faringiti, başqa fəsadları daha tez üzə çıxara bilər. Bu fəsildə orqanizmin müqavimətini artırmaq lazımdır. Səhər gimnastikasını mütəmadi həyata keçirmək, yatmazdan öncə axşam gəzintisinə çıxmaq, vitaminterapiya ilə orqanizmin immun sistemini möhkəmləndirmək, qidaya diqqət yetirmək, meyvə-tərəvəzə üstünlük verməklə mövsümi xəstəliklərdən qorunmaq mümkündür.
Payızın gəlişi daha çox uşaqların orqanizminə mənfi təsir göstərir. Belə ki, onlar tez-tez xəstələndikləri üçün çəkilərini də itirirlər. Buna görə də payızda uşaqlara qarşı daha çox diqqətli olmaq məsləhət görülür. Uşaqların immun sistemi zəif olur. Havalar bir balaca soyuyan kimi uşaqlara mənfi təsirini göstərir. Bu fəsli uşaqlar üçün xəstəliklər fəsli də adlandırmaq olar. Yoluxucu xəstəliklər, infeksion, hava-damcı yolu ilə keçən, qrip, mədə-bağırsaq pozuntusu bu fəsildə daha çox özünü büruzə verir. Uşaqların qidasına diqqət etmək lazımdır. Xüsusilə də qaraciyər, ət, balıq məhsulları tərkibində olan vitamin zənginliyi ilə uşaqların xəstələnməsinin qarşısını almağa yardım etmək olar.
Beləliklə, qızıl payız astanadadır. O, özü ilə bərabər bolluq, ruzi-bərəkət gətirir. Lakin həkimlərimizin də tövsiyələrini unutmayaq. Unutmayaq ki, xəstəliklərin sayı az olsun.
“Yeni Tərtər”