Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi Dəmirçilər və Ağkənd kəndlərini əhatə edir. Burada keçirilən hesabat yığıncağında nümayəndə Zəqəm Ağayev göstərib ki, bu iki kənddə təsərrüfatların sayı 510, ərazi vahidinin sahəsi 1810 hektar, əhali 2141 nəfərdir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Əkin sahəsi 664 hektardır. Ötən ilin yay mövsümündə suyun ermənilər tərəfindən kəsilməsi işdə çətinliklər yaratsa da adamların ciddi cəhdi nəticəsində əkin sahələrinə qayğı ilə qulluq edildi, buğda, arpa, yazlıq bitkilər sahələrindən və yoncalıqlardan kifayət qədər məhsul tədarük olundu. Əldə olunan məhsullar əvvəlki illə müqayisədə xeyli çoxdur.
Zəqəm Ağayev görülən müsbət işlərlə yanaşı nöqsanlardan da danışıb. Qeyd edib ki, cari ildə kəndarası su arxlarının təmizlənməsinə, yeni uşaq bağçası-körpələr evinin tikintisinə, mədəniyyət evinin əsaslı təmirinə, kəndlərin suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının vurulmasına, hər iki kənddə işıq dirəklərinin və köhnəlmiş naqillərin dəyişdirilməsinə ehtiyac var.
Yığıncaqda Dəmirçilər Bələdiyyəsinin sədri Asif Alışanov, Dəmirçilər kənd tam orta məktəbinin direktoru Bayram Əliyev, Dəmirçilər kənd feldşer–mama məntəqəsinin işçisi Aidə Orucova, Ağkənd kənd körpələr evi-uşaq bağçasının işçisi Solmaz Əliyeva, Ağkənd kəndinin sakinlərindən Mübariz Əhmədov, Cavad Əliyev, Rəhman Tahirov, Dəmirçilər kənd orta məktəbinin müəllimi Oktay Məmmədov hər iki kənddə görülən quruculuq, abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağında Tərtər Rayon İcra hakimiyyəti Başçısı-nın müavini Abbas Cavadov iştirak edib.
“Yeni Tərtər”
-
22Yan
Müəllif: Redaktor, 09:30
Teqlər: Xəbərlər