GÖRÜŞ
Bir axşam qonaq getdim,
Dostum İxtiyargilə.
Təbəssümlə qapını,
Açdı ana Nargilə.
Hal-xoş edib soruşdu,
Dərsimi-əhvalımı.
Üz-gözümü oxşayıb
Tumarladı saçımı.
Əlindəki kibritlə
Alışdırdı sobanı.
Dadlı, ləziz yeməklə,
Bəzəmişdi masanı.
Mən babayla görüşdüm,
Qucaqlaşıb öpüşdüm.
Onun saçları dümağ,
Vardı başında papaq.
“Həkim baba” deyirdi
Qonum-qonşu babaya.
Yaxınlaşıb əyləşdik
Təam olan masaya.
Dördlükdə şam elədik,
Anaya “sağ ol” dedik.
Şam yeməyi sonrası
Gəldi nağıl boğçası.
Bu sehirli boğçada
Neçə-neçə nağıl var,
Dastanlar, rəvayətlər,
Müdrik söz var, ağıl var.
Nağıl payı istədim,
Mən Bəxtiyar babadan.
Baba gülümsəyərək,
Baxdı çox uzaqlara,
Keçmiş sərgüzəştlərdən
Danışsınmı onlara?
O zilləyib gözünü,
Hardasa bir nöqtəyə.
Keçmiş uşaqlığından
Başladı söyləməyə.
Uşaqlar çəkmirdilər
Qocadan gözlərini.
Unutmayacaqdılar
Dəyərli sözlərini.
Baba bir az dayandı,
Keçmişinə boylandı.
Və:-Kənddə dünyaya gəlib,
Böyümüşdüm-deyirdi.
Hərdən nadinclik edib,
Döyülmüşdüm-deyirdi.
Atam qazan qalaylar,
Anam əppək yapardı.
Nənəm də əlvan-əlvan
Corablar toxuyardı.
O vaxtlar uşaq idim,
İş-gücdən uzaq idim.
Kəndimiz çay qırağı,
Vardı çeşmə bulağı.
Kənd önü orman idi,
Yan-yönü xırman idi.
Qoyun-quzu təpədə.
Çobanın tütək səsi,
Yayılardı dərədə.
Dostlarla güləşərdik,
Təpədən sürüşərdik.
Yığışardıq bir yerə
Yüyürərdik çöllərə.
Kəpənəkli çəmənlər,
Göbələkli düzənlər.
Kəndin Daşarxı vardı
Daşarx baş arxı vardı,
Qoşulub uşaqlara,
Daşarx üstə gedərdik.
Lalələrlə bəzənən
Yamacı seyr edərdik.
Daşarxın üstü saqqız,
Bizlərin sayı doqquz.
Saqqızı yığdım cibə,
Çeynədim atdım küpə.
Nənəm küpü sındırdı,
Məni belə qandırdı:
-Saqqızı çox çeynəmə,
Sözü saqqız eyləmə.
Dərsinə bax, elm öyrən,
Biliklərə yiyələn.
“Elm öyrənmək ibadət,
El-obaya fəxarət”-
Deyib ulu babalar.
Böyüklər deyənləri,
Sırğa edər balalar.
Gecə ötür bala, yat!
Üstünə bir yorğan at!
Səhər obaşdan oyan,
Dərgaha üz tut dayan.
Dua elə Allaha,
Səcdəyə dur bir daha.
Halal ol, halal yaşa,
Zəhmətinlə dol yaşa.
Hə… Əməl etdim sözünə
Çıraq oldum gözünə.
Oxuyub təbib oldum.
Hamıya həbib oldum.
Baxın bu gün hardayam?
Bir ixtiyar babayam.
Siz tək nəvələrim var,
Səsli-küylü obayam.
Siz də ağıllı olun,
Zəhmətlə yaşa dolun.
Vətənə sədaqətli
Layiqli övlad olun.
“Gecəniz xeyrə”-deyib
Artıq qalxdım ayağa,
Layiq övlad olmağı
Mən söz verdim babaya.
Həqiqət Qarabağlı
Bakı-2017