Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq

    DUYĞULAR ADASI

    Nuruzadə Həvva 2005-ci il sentyabrın 7-si Tərtər rayonunun Qazyan kəndində anadan olub. 2012-ci ildə İntiqam Həsənov adına Qazyan kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2020-ci ildə isə Ağdam rayonu 106 saylı məktəbində təhsilini davam etdirib. 2022-ci ildə Bakı Slavyan Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olub. Hal-hazırda isə həmin universitetin 2-ci kurs tələbəsidir.
    Baxmayaraq ki, Həvva ingilis dli müəllimliyi ixtisasında təhsil alır, amma uşaqlıqdan jurnalist olmaq istəyirdi, ümumiyyətlə, onun ədəbiyyata çox böyük marağı var və buna görə də 14 yaşı olanda ilk hekayəsini yazmışdı. Bu gün isə həmin hekayəni sizə təqdim edirik.

    Duyğular adasında yaşayan duyğular birlikdə çox gözəl vaxt keçirərdilər. Həmişə birlikdə oynayıb əylənər, birlikdə sevinər, birlikdə kədərlənərdilər, bir sözlə, bütün hisslərini birlikdə paylaşardılar. Lakin bu xoşbəxtlik çox çəkmədi. Bu xoşbəxtliyin çox çəkməməsinə səbəb qarşı adada yaşayan kədərli duyğular idi. Onlar heç vaxt oynamaz, əylənməz, birlikdə vaxt keçirməzdilər. Kədərli duyğuların adı həmişə məyus, kədərli olmaları ilə bağlı idi. Lakin digər adada yaşayan duyğular kədərli duyğulardan fərqli olaraq çox sevincli olduqları üçün onların adları Sevincli duyğular idi.
    Kədərli duyğular həmişə Sevincli duyğulara hücum etmişdilər. Onlar istəyirdilər ki, Sevincli duyğuları da özləri kimi Kədərli etsinlər. Bu çox asan idi. Əgər onların bir damcı göz yaşı Sevinclilərə dəysə, o zaman onlar da Kədərli duyğu olardılar. Bu asan olsa da bunu həyata keçirmək çətin və riskli idi, çünki Sevinclilər də Kədərliləri asanlıqla məhv edə bilərdilər. Əgər onlar bir dəfə ucadan gülərsə, onda Kədərlilər həmişəlik Sevincli duyğular olardılar.
    Bir gün Kədərlilər bütün bu riskləri göz önünə alaraq yenidən Sevinclilərə hücum etdilər və arzularına çatdılar, yəni Sevincliləri məğlub edib özləri kimi Kədərli duyğulara çevirdilər. Lakin bu döyüşdən sonra bir nəfər Sevincli duyğu sağ qalmışdı. Bəs gəlin görək bu necə baş vermişdi?
    Həmin gün o, meşəyə giləmeyvə toplamağa getmişdi. Onun adı Sevinc idi. Sevinc meyvələri yığıb bitirdikdən sonra evə qayıtdı, lakin evə qayıdanda ailəsini və dostlarını görmədi. Əvvəl düşündü ki, ailəsi və dostları onunla oyun oynayır, amma bir qədər zaman keçdikdən sonra hər şeyi başa düşdü və çox məyus oldu. Özünü toparladıqdan sonra isə özünə söz verdi ki, ailəsini və dostlarını xilas edib, geri qaytaracaq.
    Sabahsı günü o, digər adaya-Kədərli duyğuların adasına keçdi. Daha sonra isə tanınmaması üçün kədərli halda onların arasına keçdi.
    Kədərlilər Sevincliləri məğlub etmələri münasibətilə birlikdə məclis qurmuşdular. Kədərlilərin hamısı bu məclisdə iştirak edirdilər. Sevinc isə ailəsini və dostlarını xilas etmək üçün plan qurmağa çalışırdı, lakin ağlına heç nə gəlmirdi, qəfildən Sevincin ağlına bir fikir gəldi. O düşündü ki, məclisin mərkəzində bərkdən gülsə, bu zaman onun gülüş səsinə heç kim tab gətirə bilməyəcək və hər kəs Sevincli duyğulara çevriləcək, bu şəkildə o ailəsi və dostlarına da qovuşacaqdı. Belə ki, çox düşünüb götür-qoy etdikdən sonra Sevinc asta-asta məclisin mərkəzinə doğru getdi və ucadan gülməyə başladı. Düzdür, Kədərlilər onun gülüş səsini eşidən kimi qulaqlarını tutdular, amma bir faydası olmadı. Beləliklə, Sevinc arzusuna çatdı, yəni ailəsini və dostlarını xilas etdi.
    Bu hadisədən sonra Kədərli deyilən duyğu qalmadı. Hamı birlikdə oynayıb, birlikdə şənlənib, birlikdə gözəl vaxt keçirdi. Belə ki, hər kəs çox xoşbəxt oldu.
    Bu hekayəmizin qəhrəmanı isə Sevinc oldu. O, ağıllı fikri sayəsində həm ailəsini və dostlarını xilas etmişdi, həm də Kədərli duyğulara da Sevincli olmağı, gülüb, əylənməyi, ümumiyyətlə xoşbəxtliyi bəxş etmişdi.

    Həvva Nuruzadə,
    Bakı Slavyan Universitetinin tələbəsi

     

    Müəllif: Redaktor, 09:09

İsmarıclar bağlıdır.