Təhsilə diqqət dövlətin gələcəyinə qayğıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır, bunların həlli istiqamətində ardıcıl işlər həyata keçirirlər. Dövlətimizin qayğısını öz üzərində hiss edən ailələrdən biri də Tərtər şəhərində yaşayan Kərimovlar ailəsidir.
Bu günlərdə ailənin övladı Səbuhi Kərimovun ölkə rəhbərinə ünvanladığı məktubunda deyilir:
– Əziz Prezident, cənab Ali Baş Komandan.
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan vətəndaşların övladlarının təhsil xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi çox humanist və gözəl bir işdir. Sizin bununla əlaqədar vaxtilə imzaladığınız Sərəncam Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” sözlərinin bariz nümunəsi və əməli ardıcıllığıdır. Bizim ailə dövlətimizin belə humanist addımlarına görə çox sevinir.
Şəhid övladı olaraq Sizə təşəkkür edirəm. Ölkəmizi böyük qələbələrə doğru aparan siyasətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Kərimov Səbuhi Sabir oğlu, şəhid övladı.
Azərbaycan Respublikası, Tərtər şəhəri.