Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Avq

    LAÇINSIZ GÜNLƏR BAŞA ÇATIR

    Laçınsız yaşadığımız günlər başa çatır. Tezliklə doğma yurdumuza qayıdacağıq. Bu barədə düşünəndə, 30 ildən artıq bir müddətdə keçirdiyimiz əzab-əziyyətlər yadımdan çıxır. Uşaq kimi sevinirəm.
    Ancaq bircə ona pis oluram ki, anam bu günü görmədi. Qaçqın-köçkün həyatı yaşadığımız zaman bircə gün olmazdı ki, o, Laçın şəhərindəki evimizi yada salmasın. Sonralar dövlətimiz tərəfindən bizə Şıxarxdakı qaşqın qəsəbəsində rahat mənzil verilsə də, anam bu rahat otaqlarda da özünə yer tapmırdı. Axı, doğma ocaq hər şeydən şirin olur. Elə belə Laçın həsrətilə dünyasını dəyişdi anam.
    Qəddar düşmən bizi yalnız ev-eşiyimizdən didərgin salmadı, bir-birinin ardınca ailəmizə dözülməz yaralar vurdu. Amma onu da qeyd edim ki, ən ağır günlərimizdə biz tək qalmamışıq. Dövlətimiz, möhtərəm Prezidentimiz, xeyirxah əməllərilə xalqın böyük sevgisini qazanan Mehriban xanım Əliyeva daim bizə dəstək olublar, ruhdan düşməyə qoymayıblar.
    Belə ki, ürəyimdə ağır problemlər vardı. Həyat yoldaşım Kəmalə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktubla müraciət etmişdi. 2019-cu ilin mart ayının 16-da müraciət etdik, 2019-cu il iyulun 8-də artıq Heydər Əliyev Fondu hesabına çox ağır ürək əməliyyatım baş tutdu və məni yenidən həyata qaytardılar. Buna görə mən Mehriban xanıma və bu işdə zəhməti olan hər kəsə ailəmiz adından təşəkkür edirəm.
    Lakin ailəmizin çətinlikləri bununla qurtarmadı. Vətən müharibəsi günlərində ermənilərin ən çox atəşə tutduğu bizim yaşadığımız qəsəbəydi. Belə günlərin birində yoldaşım mənim ürək dərmanlarımı almaq üçün Bərdəyə getmişdi. Həmin o faciəli gündə – oktyabrın 28-də namərdlərin Bərdəni atəşə tutması nəticəsində yaralanan dinc sakinlərdən biri də mənim övladlarımın anası oldu. Aldığı qəlpə yaraları nəticəsində onun bir gözündə, həkimlərin ciddi səyinə baxmayaraq, cəmi 4 faiz görmə qabiliyyəti qalıb. Hal-hazırda gözdən əlildir, bədənindəki qəlpələr güclü ağrılar verir. Bir sözlə, bunlar ermənilərin yalnız bir ailənin başına gətirdikləri müsibətlərdir.
    Mənə elə gəlir ki, Vətənə qayıtmağımız qismətimizə düşən ağrı-acıları xeyli yüngülləşdirəcək. Çünki oğlumuz həm epilepsiya xəstəsidir, həm də gözdən əlildir. Əminəm ki, doğma Laçınımızın havası hər birimizin dərdinə məlhəm olacaq.
    Dövlətimiz Laçındakı evimizi təmir elətdirib, orada bizim yaşamağımızdan ötrü hər cür şərait yaradılıb. Mən özüm bərbərəm. İnanıram ki, orada işim də olacaq.
    Böyük qayıdışı təmin edən, verdiyi vədi şərəflə yerinə yetirən Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevə ailəmiz adından, bütün qaçqınlar adından “çox sağolun!” deyirik! Çox şükür ki, bu günləri görməyi, yaşamağı Allah bizə qismət elədi.

    Vidadi Həsənov,
    Laçın şəhərinin sakini

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.