Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nü-mayəndələri və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıblar. Daha sonra isə “dəyirmi masa” ətrafinda Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi müstəsna xidmətlərdən söhbət açıb.
“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhər 5 saylı tam orta məktəbin direktor müavini Sərxan Yusifzadə, Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev, Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, Evoğlu kənd tam orta məktəbinin direktoru Şahin Hüseynov, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Xəlilova çıxış edərək Ulu Öndərin gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət gördüyünü, Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə etdiyini, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsini diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki Azərbaycan dilinin diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi. Doğma dilimizin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə deyilib ki, Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.