Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    QƏLBLƏRDƏ YAŞAYAN OĞUL

    Nicat Bəhruz oğlu İsgəndərov dünyaya gəlişi ilə bir ailəyə sevinc, fəxarət gətirmişdisə, şəhidlik zirvəsinə ucalması ilə xalqımızın qürur ünvanına çevrildi. Doğmaları danışırlar ki, uşaqlıqdan həmyaşıdları arasında tükənməz enerjisi ilə fərqlənən Nicat sanki bu dünyaya məhz hərbçi olmaq, canından artıq sevdiyi Vətənini qorumaq üçün gəlmişdi. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı, yüksək insani kefiyyətlərə malik bu gəncdə həm də ağsaqqallara xas olan düşüncə tərzi vardı. Hər kəsin yerini bilirdi. Hərəni öz dili ilə dindirməyi bacarırdı. Hərbidə hər bir çətin vəziyyətdən çıxış yolunu tapırdı. Əgər hərbi hissəyə işıq çəkmək lazım gəlirdisə, o montyor olurdu, əgər dülgərə ehtiyac yaranırdısa, bu işin öhdəsindən laiqincə gəlirdi.
    Ən gözəl yerinə yetirdiyi bir vəzifə vardı ki, bu da düşmənlə mübarizə idi. Bunu əla bacardığını dəfələrlə bir kəşfiyyatçı kimi sübut etmişdir. Aprelin 1-dən 2-nə keçən gecə – son döyüşü isə onun hansı qəhrəmanlığa qadir olduğunu təkcə yoldaşlarına deyil, xalqımıza göstərdi. Son damla qanınadək vuruşan Nicat ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu.
    Avqustun 4-də Nicat İsgəndərovun 27 yaşı tamam olacaqdı. Həmin gün Bəhruz atanın ocağına Nicatı sevənlər toplaşmışdılar. Hər bir şey ad günündə olduğu kimiydi. Tortlar, şamlar, şirniyyatlar. Amma Nicat özü bu kədər və qürur doğuran məclisə ürəklərdən boylanırdı… Axı, indi o qəlblərimizdə yaşayır.

    Svetlana Bağırova
    2016-cı il

    Redaksiyadan:
    Bu yazı 7 il bundan əvvəl yazılıb. 7 ildir ki, Nicatın ad günü onsuz keçirilir. Bu müddətdə onun haqqında çoxlu məqalələr yazılıb, sənədli film çəkilib. Valideynləri üçün bu da bir təsəllidir.
    Avqustun 4-də ailəni ziyarət edərkən Maya xanım dedi:
    – Nicat torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçib. Onun və yoldaşlarının 2016-cı ilin aprelində başladıqları işi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu başa çatdırdı. Bu müharibədə həm də balalarımızın qisası alındı. Eşidəndə ki, azad olunmuş torpaqlar abadlaşır, yenidən tikilir, bir ana kimi qürur hissi keçirirəm. Arzum budur ki, xalqımız xoşbəxt yaşasın, bir daha analar gözü yaşlı qalmasınlar.

    Müəllif: Redaktor, 13:46

İsmarıclar bağlıdır.