Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Yan

    VipTalisman15Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il hadisələrindən 26 il keçir. Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Sovet ordusunun xüsusi təyinatlı bölmələri Bakıya yeridilərək, amansız qəddarlıq və vəhşiliklə əliyalın, günahsız insanların ölümünə səbəb oldu. Milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutuldu. O günlərin acı xatirələri heç kimin qəlbindən, yaddaşından silinmir, unudulmur.Həmin faciənin canlı şahidlərindən biri də həmyerlimiz Rauf Quliyevdir. Hazırda Tərtər Elektrik Şəbəkəsində aparıcı mühəndis işləyir.
    Rauf müəllim qanlı hadisələr baş verən zaman Azərbaycan Neft Kimya İnstitutunun III kursunda təhsil alırdı. Üç yoldaş Keşlə qəsəbəsində kirayə qalırdılar. O günləri böyük ürək ağrısı ilə xatırlayır:
    –Topxana meşəsi erməni daşnaqları tərəfindən məhv edilərkən xalqda hiddət hissi yaranmışdı. Şəhərdə mitinqlər keçirilir, etiraz səsini ucaldanların sayı günbəgün artırdı. Biz də bütün tələbələr kimi mitinqlərə gələrək xalqımızın səsinə səs verirdik.Yanvarın 19-da axşam televiziya verilişlərini qəfildən kəsdilər. Hər yerdə söylənilirdi ki, Sovet Ordusunun qoşunları Bakıya yeridiləcək. Yanvarın 19-dan 20-nə keçən gecə qəfləti vahiməli uğultu, qışqırıq bütün Bakını lərzəyə saldı. Hər yerə xəbər yayıldı ki, hərbçilər camaatı qırdı. O gecəni, demək olar ki, heç kəs yatmadı. Yaralıları yenidən güllələyib öldürdülər. Səhər açılanda üçümüz də şəhərin mərkəzinə gəldik. Beş-altı nəfəri bir yerdə görən hərbçilər onlara hücum çəkir, avtobuslara yığıb, həbs düşərgələrinə aparırdılar. Bizi də görən hərbçilər üstümüzə gələrək tutmaq istədilər, lakin biz qaçaraq yaxınlıqdakı elektrik qatarının Fioletov stansiyasındakı kitabxanaya girdik. Hərbçilər bizi tapmayıb uzaqlaşdılar. O vaxt bildik ki, şəhərdə komendant saatı tətbiq olunub. Telestudi-yanın enerji bloku partladıldığından camaatın bundan xəbəri olmayıb. Biz gizli yollarla gəlib şəhərdəki faciənin şahidi olduq. Küçələr al qan içindəydi. Şəhər matəmə bürünmüşdü, demək olar ki, Bakı iflic vəziyyətindəydi. İnsanların qəlbindən, gözlərindən hiddət yağırdı. Silahlılar ölənlərə və yaralananlara yaxınlaşmağa icazə vermirdilər. O günü yüzlərlə insan Sovet hərbçilərinin təzyiqinə məruz qalaraq döyüldü və həbs edildi. Dəhşətli günü həyəcansız xatırlamaq mümkün deyil. Yanvarın 19-dan 20-nə keçən gecə yüzlərlə adam həlak oldu, çoxlu insan yaralandı, şikəst oldu. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, milli tariximizin qəhrəmanlıq səhifələrindən birinə çevrildi, xalqı daha sıx birləşdirdi. Xalqımız azadlıq uğrunda canlarından keçmiş şəhidlərimizin və vətən övladlarının mübarizəsini hörmət və ehtiramla əziz tutur, onların qəhrəmanlıqlarını yüksək qiy-mətləndirir. Bu gün Şəhidlər Xiyabanı xalqımızın şərəf və qürur yerinə çevrilib.

    Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 08:51

    Teqlər:

İsmarıclar bağlıdır.