Azərbaycandakı Kibertəhlükəsizlik Mərkəzinin təşkil etdiyi kursu ilk olaraq bitirmiş 60 gənc arasında tərtərli Türkan Əsədovanın da olması kollektivimizi sevindirdi. Axı, rayon qəzeti olaraq biz haqqında yazdığımız gənclərin hər bir uğurunu ürəkdən alqışlayır və onların tanınmasında kiçicik də olsa payımız olduğundan məmnun qalırıq.
Türkan Əsədova ilə redaksiyamızda 2015-ci ilin avqust ayında görüşmüşdük. O zaman Bəyimsarov kənd tam orta məktəbinin məzunu olan bu qız ali məktəbə qəbul zamanı 600-dən çox bal toplayan gənclərlə birlikdə redaksiyamızda olmuş və qəzetimizə kiçik bir müsahibə vermişdi. Atasının sürücü, anasının isə müəllim olduğunu söyləyən Türkan bildirmişdi ki, həyatda atdığı hər bir addımı əvvəlcədən valideynlərilə məsləhətləşir, lakin son qərarı özü verir.
Ötən müddət ərzində həmyerlimiz bakalavr və magistr təhsilini uğurla başa vurub və Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi açılanda, buradakı kurslara 2500 namizəd arasından seçilən 60 yüksək ambisiyalı gənclərdən biri olub.
Qeyd edək ki, Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi İsrailin iri texnoloji institutu –Texnion ilə birlikdə və PAŞHA Holdingin köməkliyi ilə təsis etmişdir.
Türkan Əsədovanın dediyinə görə, Mərkəzdə onlara Texnion institutunun yüksək ixtisaslı müəllimləri dərs keçiblər. Təqdirəlayiq haldır ki, 60 tələbədən 14-ü qadınlar idi ki, bu da ölkəmizdə qadınların kibertəhlükəsizlik kimi vacib bir sahəyə böyük maraq göstərdiyini bildirir.
Türkan onu da bildirdi ki, əldə etdiyi nailiyyətə görə Tərtərdə hamı onunla fəxr edir, xüsusilə də valideynləri.
“YENİ TƏRTƏR”