YÜKSƏLİŞ İLLƏRİ
Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər sahədə olduğu kimi, qəzetin işində də yüksəliş müşahidə olunurdu. 1975-ci ildə rayon qəzetimiz həftədə 3 dəfə 5500 nüsxə tirajla buraxılırdı.
Redaksiyanıın zəngin mətbəəsi vardı: iki “N-14” sətirtökən “Linotip” maşını, “PSIM” tipli iki çap maşını, çoxlu miqdarda şriftlər və digər mətbəə avadanlığı…
O zaman rayonumuz da özünün dirçəliş dövrünü yaşayırdı. Bura çoxlu qonaqlar gəlirdi. Məhz həmin illərdə biz qəzetimizdə rayonda RSFSR günlərinin keçirilməsini, Fransanın Milli Qəhrəmanı Xarqonun (Əhmədiyyə Cəbrayılovun) gəlişini və s. hadisələri işıqlandırmışdıq.
Kəndlərimizdə əmək adamları xarüqələr yaradır, insanların həyatı dəyişirdi. Rayon mərkəzinin özündə tikilən bir çox binalar da həmin illərin yadigarıdır. Bütün bu işlər qəzetin səhifələrində öz əksini tapırdı.
Qəzetimiz hər sayında rayonun tarixini yaşadırdı.
1974-cü ildə rayonumuzun zəhmətkeşləri dövlətə pambıq satışı üzrə öhdəlikləri layiqincə yerinə yetirmişdilər. Bu işdə rayonda çıxan “Qızıl bayraq” qəzetinin də xüsusi təsiri olmuşdur. Respublika televiziyası ilə çıxışında rayon partiya komitəsinin birinci katibi Zülfüqar Abdullayev qəzetin rolunu ayrıca qeyd etmişdir.
Təsərrüfatlardan yazılar dərc olunarkən, bu materialların hazırlanmasına mütəxəssislər də cəlb olunurdu.
1974-cü ildə qəzet Sabir adına və Mirbəşir narçılıq sovxozlarının, “Pravda” və İliç adına kolxozların, “Paris Kommunası”və Engels adına kolxozların iqtisadi göstərici-lərini müqayisəli şəkildə təhlil etmişdir. O illərdə heyvandarlıq sahəsində də yüksək göstəricilər əldə olunur, elmi nailiyyətlər tətbiq edilirdi. “Əmək bəhrəsini verir” məqaləsində Frunze adına kolxozda böyük dəyişikliklər baş verdiyindən söhbət gedirdi. Qabaqcıl sağıcı Göyçə Zalova deyirdi: “Sağıcıların təşəbbüsü və kolxoz idarə heyətinin qayğısı nəticəsində yeni ferma tikilmiş, mədəni otlaqlar yaradılmışdı. Hər il kifayət qədər yem tədarük olunur. İribuynuzlu mal-qaranın tərkibini yaxşılaşdırmaq üçün fermaya yüksək məhsuldar cinsdən olan heyvanlar gətirilmişdi. Bütün bu tədbirlər nəticəsində heyvanların məhsuldarlığı artır”.
Qəzet təkcə ayrı-ayrı müəssisələrin, təsərrüfatların fəaliyyətini diqqət mərkəzində saxlamaqla kifayətlənmir, həm də insanların həyatına xüsusi yer ayırırdı. 21 fevral 1973-cü il tarixli 22-ci sayda qəzet Frunze adına kolxozda 4 saylı kompleks briqadanın başçısı Kamal İbrahimovun həyatı, iş üsulları, ictimai fəaliyyəti haqqında geniş material dərc etmişdi. Oxucular əmək qəhrəmanını həm də yaxşı ailə başçısı kimi tanımışlar.
Bundan sonra “Qızıl bayraq” “Sənin əmək və ictimai fəaliyyətin” rubrikası altında oxuculara həyatı öyrənilməyə layiq digər insanlar haqqında söhbət açmışdı.
1973-cü ildə rayon partiya komitəsi kənd təsərrüfatının inkişafında “Qızıl bayraq” qəzetinin rolu haqqında məsələ müzakirə etmişdi. Qeyd olunmuşdu ki, qəzetin materialları insanları yeni müvəffəqiyyətlərə ruhlandırır.
Svetlana BAĞIROVA
10 fevral 2009