Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət xadimi, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə Xidmətə görə” ordenli, “Əməkdar jurnalist”, onlarla mükafata layiq görülmüş yazıçı-publisist Aqil Abbasın 70 illiyinə həsr olunmuş təbdir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, yazıçı-publisist Aqil Abbas, onun həyat yoldaşı İradə Tuncay, yazıçının nəvələri, şəhid ailələri, qazilər və rayonun ziyalıları iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində yazıçının kitablarından ibarət sərgiyə baxıblar.
    Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarında keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Yazıçını təbrik etmək üçün ilk söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri yazıçını 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, Aqil Abbasın 70 ildə qazandığı mükafatlar çoxdur: Hələ sovet dönəmində “Ən yaxşı adam” kitabına görə Azərbaycan Komsomolu mükafatı, sonra Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm”, “Məmməd Araz”, “Dan ulduzu”, “Yaddaş”, “Zeynalabdin Tağıyev” mükafatları, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə Xidmətə görə” ordenləri, bunlarla birgə çoxlarına qismət olmayan xalq məhəbbəti, xalq sevgisi qazanıb, ən başlıçası qəlbindəki Vətən həsrətinə, Ağdam nisgilinə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan oğulları 30 ildən sonra son qoyub, işğal altında olan torpaqlarımızı işğaldan azad edib.
    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Aqil Abbasın, eləcə də bütün xalqımızın arzularını gerçəkləşdirib, şanlı zəfər tariximizi yazıb. Bu qələbədə şəhidlər də verdik, qazilərimiz də oldu. Nəticədə qalib ölkənin qalib vətəndaşlarına çevrildik. Bu qalibiyyət üçün Ali Baş Komandana, canını ərazi bütövlüyümüz uğrunda fəda etmiş şəhidlərimizə, sağlamlıqlarını itirmiş qazilərimizə, vətən üçün vuruşan oğullarımızın hər birinə borcluyuq.
    Sonra rayon rəhbəri yazıçının 44 günlük Vətən müharibəsində dəfələrlə bölgələrdə–ön cəbhədə, Tərtərdə olmasından, əsgərlərlə, sakinlərlə görüşündən danışıb. Onu tərtərlilər adından təbrik edərək, sakinlərin görüşünə gəldiyi üçün öz minnətdarlığını bildirib.
    Tədbirdə Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, ”Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə və başqaları çıxış edərək yazıçını təbrik edib, onun əsərləri barədə öz fikirlərini bildiriblər.
    Sonra yazıçı sakinlərin suallarını cavablandırıb, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
    Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yazıçıya 70 illik yubileyi münasibəti ilə fəxri fərman və qiymətli hədiyyə təqdim edib.
    Aqil Abbas və onun ailəsi ilə birlikdə xatirə şəkilləri çəkilib, yazıçı tədbir iştirakçılarına öz kitablarını hədiyyə edib.

     

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.