90 illik yubileyə doğru
Azərbaycan jurnalistikasının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulub. İnsanların maariflənməsinə xidmət edən bu mətbu orqan o zamankı cəmiyyətdə şüurlara işıq saçan bir vasitəyə çevrilib və, təbii ki, bu, çar Rusiyasının xoşuna gəlmədiyi üçün, qısa müddətdən sonra qəzet bağlanıb. Ancaq elə qısa müddət kifayət etmişdi ki, insanlar mətbu sözünün gücünü və qüdrətini duysunlar. Bundan sonra Azərbaycanın o zamankı işıqlı dühaları Həsən bəy Zərdabinin yolunu davam etdirərək, bir-birinin ardınca müxtəlif qəzet və jurnalların çapına başlamışlar.
SSRİ dövründə Azərbaycan imperiyanın tərkibində olsa da, ölkəmizdə öz işini ürəkdən sevən milli peşəkar jurnalistlər ordusu yaranmışdı. Təbii ki, sözə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev qəzet və jurnalların fəaliyyətini daim dəstəkləyir, jurnalistlərə maddi və mənəvi yardımlar göstərilməsini diqqət mərkəzində saxlayırdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda mətbuat üzərində senzuranı həyata keçirən qurum ləğv olundu, qəzet və jurnalların nəşriyyatlara olan borcları bağışlanıldı. Məhz həmin dövrdən Azərbaycanda azad mətbuatın inkişafı başlandı. Onlara göstərilən qayğıya görə mətbuat işçiləri Ulu Öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” adlandırdılar.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyətində daim mətbuata geniş yer ayırır, qəzet və jurnalların, onlayn medianın müasir dövrə uyğun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə “Media haqqında” Qanunun qəbul edilməsi də bunun bariz nümunəsidir.
Əlbəttə, XXI əsrdə, informasiya bolluğu şəraitində bəzi mətbu orqanların, o cümlədən rayon qəzetlərinin çıxması indi daha da mürəkkəbləşib. 90 illik tariximizə nəzər yetirdikdə görürük ki, rayon qəzetlərinin fəaliyyətində çətinliklər həmişə olub və yəqin ki, gələcəkdə də olacaq. Bununla belə o da aydındır ki, informasiya nə qədər bol olursa olsun, bu bolluq içində rayon qəzetinin öz rolu, öz yeri var. Yaxşı yadımdadır, tələbəlik illərində universitetdə bizə dərs deyən mərhum professorumuz, Azərbaycan jurnalistikasının korifeylərindən olan Şirməmməd Hüseynov daim bildirirdi ki, bir bölgənin, bir rayonun tarixinin öyrənilməsində rayon qəzetləri əvəzolunmaz qiymətli mənbədir. Qəzetin tarixi həmin rayonun tarixidir. O hesab edirdi ki, rayon qəzetlərinin tarixi öyrənilməlidir.
Məhz sevimli müəllimimin məsləhəti ilə mən o zaman diplom işimi Tərtər rayon qəzetinin tarixinə həsr etdim. Elmi rəhbərim isə Şirməmməd Hüseynov oldu.
Hal-hazırda da, bir çox rayonlardan fərqli olaraq, Tərtərin özünün mətbu orqanının olması, onun müntəzəm çıxması qəhrəman tərtərlilərin yurd sevgisindən, vətənpərvərliyindən, ziyalılığından irəli gəlir. Buna görə biz öz oxucularımıza sonsuz təşəkkürlərimizi bildiririk!
Onu da qeyd etmək istəyirəm ki, hal-hazırda yalnız Tərtərin özündə deyil, kənarda yaşayan həmyerlilərimiz də qəzetimizə abunə yazılaraq, həm rayon haqqında məlumat əldə edir, həm də onun yaşamasına kömək edirlər. Kollektivimiz adından onlara da öz minnətdarlığımızı bildiririk.
Qarşıdan Tərtər rayon qəzetinin 90 illik yubileyi gəlir. 90 ildir ki, biz sizinlə birlikdəyik. Sizləri maraqlandıran məsələlərdən, problemlərinizdən, sevincinizdən yazırıq. Keçmişi araşdırıb maraqlı insanlar barədə yazılar hazırlayırıq ki, onlar unudulmasın.
Şəhidlərimizdən, qazilərimizdən yazırıq ki, tariximiz yaşasın, gələcək nəsillərə çatdırılsın. Əminik ki, 9-cu onilliyə də biz öz oxucularımızla qədəm qoyacağıq. Həmişə sizləri “Yeni Tərtər”in yanında görmək ümidi ilə:
Svetlana BAĞIROVA