Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    Talıb Məmmədli (Həsən oğlu) hələ ki, yalnız bir kitabın –“Dünya, məni əyləndirmə, düşündür” kitabının müəllifidir. Onun imzasına tez-tez qəzetimizin səhifələrində də rast gəlmək olar. Uzun illərdir ki, rayon qəzeti ilə sıx əlaqə saxlayır. İlk şeirləri də elə əvvəlcə “Qızıl bayraq”da, sonra “Tərtər”də və nəhayət, “Yeni Tərtər”- də dərc olunub. Talıb Məmmədlinin şeirləri həmçinin “Avrasiya Antologiyasında”, “Azad Qələm”, “Sözün sehri” və Zərdab rayon “Əkinçi” qəzetində çap olunub. Özünün dediyi kimi, poeziyaya bu cür vurğunluğu da onda elə bizim rayon qəzeti yaradıb. Vaxtilə redaksiyanın nəzdində fəaliyyət göstərən “Tərtərin səsi” poeziya klubunun yığıncaqlarında gözəl şairlərimizi dinləyə-dinləyə püxtələşib, şeirə olan həvəsi sonsuz sevgiyə, ömürlük bağlılığa çevrilib. Ürəyinin dərinliyində olan hissləri şeirlə bölüşüb, unudulmaz misralara çevirib.
    Onu da söyləməyi lazım bilirik ki, Talıb Məmmədlinin poeziyaya olan münasibəti həm də rayon qəzetinə olan münasibətilə sanki qoşa qanaddır. 70-ci illərdən başlayaraq qəzetimizin nömrələrini səliqə ilə yığıb, şəxsi arxivində saxlayır, qəzetimizin 90 illik yubileyinə hazırlaşdığımızı bilərək, xeyli sayda nadir nüsxələri bizə hədiyyə edib.
    Talıb Məmmədli haqqında oxucularda təsəvvür yaratmaq üçün, qəzetimizin mərhum redaktoru Tofiq Yusifin onun haqqında söylədiyi bir neçə cümləni xatırlatmaq kifayətdir: “ Talıb Məmmədli heç vaxt özünə şair deməyib, yazdıqlarını isə şeir adlandırmayıb, nəsə yazmışam deyib. Yəni bəzi “cızmaqaraçılr” kimi, özünü şair elan edib, “gözə soxmur”, sözə hörmət etdiyi kimi, öz şəxsiyyətinə də hörmət edir”.
    Talıb Məmmədlinin sakit, bir az çəkinəcəkli təbiəti ilə poeziyası arasında dünyalar qədər fərq var. Bu poesiya onun qəlbindəki düşüncələri, fırtınaları, sevgisini cəsarətlə üzə çıxarır. Adi dillə söyləyə bilmədiklərini çəkinmədən qələminin gücü ilə söyləyir. Aşağıdakı misralar Talıb Məmmədli poeziyasının aparıcı xəttini təşkil edir:
    Doğma yurdum, obam, elim,
    Vəsfindən yorulmaz dilim.
    Qələm mizrab, misra telim.
    Özüm həzin dinən taram,
    Vətən, səndən ayrılmaram.
    Şairin doğma Vətəninə, bayrağına olan sonsuz məhəbbəti “Bayrağım” şeirində də poeziya dili ilə gözəl vəsf edilib:
    Qayıtdın! Ürəklərə qan verən damar kimi,
    Ruha, mənəviyyata ən şirin nübar kimi.
    Yüksəlişin cahanda mahir bir memar kimi.
    Azərbaycan adında dünya qurur, Bayrağım!
    Şeirlərinin birində Talıb Məmmədli deyir:
    Bəzən düşünürəm görün nələri,
    Çətin ki, şairtək dillərə düşəm.
    Nəzmə sıralanan bu nəğmələri,
    Təbiət oxuyub, mən köçürmüşəm.
    Təvazökarlıqla deyilən bu misralardan bir daha belə qənaətə gəlmək olar ki, onun təbiətimizi vəsf edən gözəl şeirləri hələ bundan sonra yazılacaq. Bu poeziya nümunələri onun yaradıcılığında olan yurd nisgilini, həsrəti, acını əridəcək, işğaldan azad olunmuş yerlərə qədəm basdıqca, poeziyası da yenidən doğulacaq, yeni məna tapacaq. Bu yolda Talıb Məmmədliyə uğurlar arzulayırıq.

    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 10:26

İsmarıclar bağlıdır.