O çağlayan gur bulaqlar
Çağlar mənim ürəyimdə.
Neçə şirin xatirəni
Saxlar mənim ürəyimdə.
Lalə, nərgiz ləçəkləyər,
Üstünə şeh çisəkləyər.
Qış günü də çicəkləyər
Dağlar mənim ürəyimdə.
Orda neçə şirin dastan
Varaqlanar zaman–zaman.
Leyli, Məcnun əhdi-peyman
Bağlar mənim ürəyimdə.
Min qüssəli, min təlaşlı
Baxar Xumar gözüyaşlı.
Yazıq Sənan boynu xaçlı
Ağlar mənim ürəyimdə.
Logmanımsan gözəl məkan,
Sənsən verən Məmmədə can !
Səndən əziz , Azərbaycan,
Nə var mənim ürəyimdə?!