Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Əskipara kəndində keçirilib.
Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.
İcra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Əskipara kəndinin 1137 hektar ərazisi, 264 təsərrüfatı, 1150 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 3 ticarət və 1 iaşə xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 502 baş iribuynuzlu, 985 baş xırdabuynuzlu heyvan, 574 baş quş, 25 arı ailəsi saxlayırlar.
Son üç ildə Əskipara kəndində 1 ədəd subartezian quyusu istifadəyə verilib, 9 ədəd subartezian quyusunun nasosu təmir olunub, 4 ədəd elektrik transformatoru təmir edilib, kəndarası elektrik xətləri kabelləşdirilib, Əskipara kənd tam orta məktəbi, mədəniyyət evi və kitabxana təmir olunub, tibb məntəqəsi tikilib, 3000 ədəd çəkil tingi əkilib, su arxları 3 km məsafədə lildən təmizlənib, telefon xətləri yenilənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-sahmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və bu platformadan istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mü-barizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Ramiz Ağayev taxıl sahəsinin biçilməsi üçün köməklik, Zakir Mirzəyev yeni qazılmış subartezian quyusunun istifadəyə verilməsi, Qasım Sadıqov və Namiq Əliyev pay torpaq sahələrinin suvarılması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, ra-yon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
* * *
Səyyar qəbul-görüşdən sonra rayon rəhbəri Əskipara kəndində yaşayan 3-cü dərəcəli Vətən müharibəsi əlili Nahid Qasımovun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.