Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Tərtər Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ictimai xadim, ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransının açılış toplantısı 12 iyun 2023-cü il tarixində Tərtər şəhərində keçirildi. Səhər erkəndən Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və əməkdaşları qəhrəmanlar şəhəri Tərtərə yollandıq.
    Bizi Tərtərin girişində İcra başçısının birinci müavini Elvin Umudovun sürücüsü qarşılayaraq İcra Hakimiyyətinin binasına apardı. İcra başçısı Müstəqim Məmmədov qonaqları həyətdə qarşıladı.
    Müstəqim Məmmədov o qədər səmimi söhbət edirdi ki, saatlarla dinləsək də yorulmazdıq. Qısa zaman içində sanki rayonla bağlı hər şeyi ətraflı izah etməyə çalışırdı. Hətta söhbət zamanı Tərtərin zəhmətkeş əhalisindən, onların yaşayış şəraitindən də söhbət açdı.
    Konfransın gedişi mediada geniş işıqlandırıldığı üçün, mən yalnız rayonla bağlı təəssüratlarımı bölüşmək istəyirəm.
    Konfransın açılış toplantısı bitdikdən sonra qədim tarixi olan Tərtər rayonuna səfər etdik. Bizi rayon İcra başçısının birinci müavini Elvin Umudov müşayiət edirdi. Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotostendlərə baxdıq. Fotostendlər sanki danışırdılar. Onlar erməni vəhşiliyi haqqında hər şeyi ifadə edirdilər. Ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxdıqca insanı vahimə bürüyürdü. Daha sonra Şıxarx qəsəbəsinə yollandıq. Orada gözəl bir mən-zərə ilə qarşılaşdıq. Şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”nı ziyarət etdik.Bu ən müqəddəs ziyarətlərdən biri idi, çünki hər Şəhidin adına bir ağac əkilmişdi. Ağac canlıdır, insanları duyur, onları görür, eşidir. “Vətən bağı”nda əkilmiş ağacların hər biri artıq Şəhidlərin ruhunu özündə əks etdirir. Ağac kultu əsrlərdən bəri ulularımızın dini-fəlsəfi düşüncələrində yer tutaraq gələcək həyatı, dünyagörüşü istiqamətləndirən, hətta formalaşdıran bir inanc sistemidir. Ulularımızın mifoloji düşün-cəsinə söykənən ağac kultuna inam bu gün də xalqı-mızın həyatında əhəmiyyətli rol oynayır. Bəlkə də elə bu səbəbdəndir ki, Şıxarx qəsəbəsində salınmış “Vətən bağı” ağacları bir ziyarətgaha çevrilib. X əsrdə uşaqları, hətta heyvanları şər qüvvələrdən qorumaq üçün ağac kultundan istifadə ediblər. Ağac qəbilənin, soyun, xalqın qoru-yucusudur. İslamdan öncə Azərbaycanda yaşayan bir çox türk tayfalarının inancına görə zoomorfik onqon olaraq el-obanı, yurdu, vətəni qoruyan ağac həm də atılmış, kimsəsiz körpələri, hətta sevgililəri qoruyan bir obraz kimi dəyərləndirilir. Ağaca inam tapınaq və pirlər vasitəsilə xalq yaddaşında qalmaqla bərabər, mifoloji folklor örnəklərində də qorunub saxlanılıb. Qarabağda xalq arasında müqəddəs ağac pirlər haqqında çoxlu əfsanə və rəvayətlər vardır. Rəvayətə görə arandan-dağa, dağdan-arana köç edənlər öz artıq ev əşyalarını müqəddəs ağacın dibinə əmanət qoyub gedər və ağacın qorxusundan heç kəs aylarla sahibsiz qalan əşyalara toxunmazdı. Belə müqəddəs ağacların dibində qılınca and içmək Quran andına bərabər sayılırdı. Bu gün hər Şəhidin adını daşıyan bu ağaclar da sanki Şəhidlərimizin ruhunda Vətən torpağını qoruyur. Körpələrin, hamilə qadınların, yaşlı- ahılların qoru-yucusu ağaclar düşmənə si-pərdir.
    Daha sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış qondarma, saxta “Marağa –150” abidəsinin qalıqlarına bax-dıq. Ermənilər hər zaman saxta, qondarma bir tarix yaratmağa çalışıblar. Lakin buna nail ola bilməyiblər.
    Qədim tarixə malik Tərtərin hər xırda daşı da dil açıb danışırdı. Sanki erməni vəhşiliyinə şahidlik etmiş torpaq da, dağ-daş da onların saxtakarlığını və amansızlığını söyləyirdi. Uçul-muş-dağıdılmış evlər tarixə şahidlik edirlər. Hər dağı-dılmış evdə neçə arzular, xəyallar, ümidlər də məhv olub.
    Elvin Umudov bizi Sahib İsmayılova məxsus evə apardı. Həyətə daxil olduqda gördüyümüz mən-zərə bizi heyrətləndirdi. Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış evə baxmaq ürəkağrıdıcı idi. Sahib İsmayılova məxsus ev muzeyə çevrilib. İnsanların min bir əziyyətlə qurub-yaratdıqları ev indi tarixi hadisənin şahidi kimi danışırdı. Evin arxa tərəfində qadağan olunmuş “smerç” raketi tarixi fakt olaraq saxlanılır.
    Qəhrəmanlar şəhəri Tərtəri gəzdikcə insanın ürəyi dağa dönür, fərəhlənirdi. Bu qədim yurdun hər qarışı müqəddəsdir. Hər qarışında qəhrəmanlıq salnaməsi var. Növbəti gəzintimiz Dövlət Rəmzləri Muzeyi oldu. Muzey 2019-cü ilin noyabr ayında tamamlanmışdır. Böyük əmək sərf olunan bu muzeydə ümumilikdə 8 bölmə yaradılıb. Azərbaycanın müxtəlif dövrlərinə aid xəritələri, eləcə də xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdikləri bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, hətta kağız pul-lar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər olduqca diqqətçəkici idi. Muzeydə hətta tarixi fotoşəkillər, poçt markaları, orden və medallar da sərgilənir. Qeyd edim ki, muzeydəki eksponatlar Azərbaycan dövlətçilik tarixini tam əhatə edən çox qiymətli eksponatlardır.
    Tərtər rayonu səliqəli küçələri ilə diqqət çəkirdi. Hər tərəf yaşıllıqlarla örtülüb. Zəhmətkeş tərtərlilər əkinçiliklə və heyvandarlıqla məşğul olurlar. Ermənilərin Tərtərə axan suyun qarşısının alınması nəticəsində rayon su qıtlığı yaşayır. Buna baxmayaraq zəhmətkeş tərtərlilər əkinçiliklə də məşğul olurlar. İnsanları olduqca mehriban, səmimi, qonaqpərvər, yardımsevərdir. Milli Elmlər Akademiyasının Folklor İnstitutunun bir qrup aliminin Tərtərə gedişi rayon üçün sanki toy-bayram idi. Hər kəs bizə yaxınlaşmaq, bizi qonaq dəvət etmək istəyirdi. Mağazadan bir şey almaq istədikdə pulunu belə almaq istəmirdilər. Bir qarabağlıdan ancaq bunu gözləmək olardı.
    Rayonlarda elmi konfransların keçirilməsi olduqca əhəmiyyətlidir. Folklor İnstitutu və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə artıq Tərtər şəhərində ikinci dəfədir ki, respublika elmi konfransı keçirilir. İnanıram ki, bu cür tədbirlərin keçirilməsində Müstəqim Məmmədovun öz şəxsi tə-şəbbüsü olub. Çünki hər dəfə səmimi söhbətində elmə nə qədər dəyər verdiyi bəlli olurdu.
    Rayon İcra başçısı Müstəqim Məmmədova öz adımdan və həmkarlarım adından dövlətə, dövlətçiliyə, xalqına və millətinə, eləcə də elmə, elm adamlarına göstərdiyi yüksək xidmətə görə sonsuz təşəkkürlərimi bildirirəm.

    İlhamə QƏSƏBOVA, 
    Filologiya üzrə fəlsəfə doktoru

     

     

     

     

    Müəllif: Redaktor, 12:28

İsmarıclar bağlıdır.