Qonaqlar Tərtərlə tanışlıqdan məmnun qalıblar
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qayıdış” gənclərin yay düşərgəsi fəaliyyət göstərib.
Düşərgənin təşkil olunmasında məqsəd qlobal məqsədlərdən məlumatlı və Qarabağın davamlı inkişafı üçün maraqlı gəncləri, tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq, onları Qarabağın davamlı inkişafı barədə daha ətraflı məlumatlandırmaq və bu istiqamətdə görülən işlərə töhfə vermələrinə köməklik göstərməkdən ibarət idi.
Düşərgədə 60 gənc istirahət edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov düşərgədə istirahət edən gənclərlə görüşüb.
Yay düşərgəsinə qatılan gənclər Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq, Mərkəzi Meydanda abidəsini ziya-rət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa –150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyini ziyarət edib və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev-muzeyində olublar.
Rayonla tanış olan gənclər görülmüş işlərdən məmnun qaldıqlarını bildiriblər.