“Difai” təşkilatının Tərtər qolu
20-ci əsrin ilk illərində ermənilər tərəfindən aparılan təcavüz, terror və etnik təmizləməyə müqavimət göstərmək məqsədilə azərbaycanlılar da öz siyasi təşkilatını – “Difai”ni yaratdılar. Bəs “Difai”nin hədəfləri və fəaliyyəti nədən ibarətdi?
“Difai”nin məqsədlərini başa düşmək üçün onun rəsmi açıqlamalarına və əsas fəaliyyətinə diqqət yetirməliyik. Təşkilatın ilk bəyannaməsi azərbaycanlı siyasətçi və fəal Ələkbər bəy Rəfibəylinin evində görkəmli dini lider Məhəmməd Pişnamazzadə tərəfindən yazılmışdı. Partiyanın məqsədi bu cümlələrdə açıq şəkildə ifadə edildi: “Mütəşəkkil hərbi gücə və müxtəlif silah materiallarına sahib olan Daşnaksütyun əsas məqsədlərinə çatmaq üçün bütün erməniləri və Qafqaz hökumətini öz hakimiyyəti altına almağa çalışır. Onların əsas məqsədi hamısını öldürdükdən sonra Qafqazdakı müsəlmanların ərazilərini işğal etməkdir. Daşnaksütyun əmin olmalıdır ki, biz ermənilərin xoşbəxtliyinin millətimizin bədbəxtliyi üzərinə gerçəkləşməyinə qətiyyən icazə verməyəcəyik”. Bu cümlələrlə “Difai”nin əsas məqsədinin millətin hər bir fərdini Daşnak terror təhlükəsindən qorumaq olduğu aydın olur.
“Difai”nin ikinci əsas məqsədi kənd yerlərində yaşayan yerli əhalinin təhsili və azadlıq ideyasının bütün vətəndaşlara tanıdılması, bu yolla millətin təhlükəli günlərdə var ola bilməsi üçün milli kimliyi dərk etməsi və milli adı dini addan fərqləndirməsi idi.
“Difai” təşkilatının Tərtər qolu öz fəallığı ilə seçilib. Tərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi.
“Difai” təşkilatının üzvləri Məşədi Dadaş Muradxanov, Məşədi Şükür bəy Muradxanov, Məşədi Rüstəm bəy Muradxanov olublar.
“Yeni Tərtər”