Qətllər və acı talelər
HƏRBCİLƏR KİMLƏRİ QORUYURLAR
Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda elan olunmamış müharibə gedir. Fövqəladə hərbi vəziyyət saqqallı yaraqlıların təcavüzünü nəinki dayandırmış, onların müasir silahlarla silahlanmasına imkan vermişdir. Erməni quldurlar fövqəladə vəziyyət şəraitində öz mövqelərini möhkəmləndirmiş, azərbaycanlılara qarşı qəsdlər hazırlamaqda davam edirlər. Hərbçilər isə onların “işlərinə qarışmırlar”. Çox vaxt fitvaçıların təsiri altına düşərək azərbaycanlılara hədə-qorxu gəlirlər.
Bu yaxınlarda bir qrup hərbçi Mardakert rayonunun Talış kəndindən “Azərbaycan” kolxozunun qoyun fermasına basqın etmişdir. Köməyə gələn rayon daxili işlər şöbəsinin əməkdaşları atəşə tutulmuşdur. Nəticədə bir çoban güllə yarası almış, milis rəisinin “QAZ- 24” markalı maşını “BTR-ə” qoşulub aparılmışdır. Hələ də maşın geri qaytarılmamışdır. Hərbçilərin özbaşınalığı yerli əhalini təşvişə salır, köməksiz olduqlarını bir daha yəqin edirlər.
Dekabrın 14-ə keçən gecə 47 nömrəli səyyar-mexanikləşdirilmiş dəstənin Umudlu kəndinə inşaat materialı aparan maşın karvanı erməni silahlı dəstələri tərəfindən şiddətli gülləyə basılmışdır. Adamların həyatı təhlükə qarşısında qalmışdır. Yük maşınının sürücüsü, 32 yaşlı Adil Məmmədov öldürülmüşdür. Üç körpə uşağı başsız qalmışdır. Maşın karvanını müşayiət edən “BTR”inşaatçıları qoruya bilməmişdir.
Yaraqlılar “işlərini” gördükdən sonra sakitcə çıxıb getmişlər.
Mirbəşirdən yük aparan maşınların istiqaməti, görünür, saqqallılara əvvəlcədən xəbər verilib. Yoxsa quldurların əməliyyatı belə “uğurla” keçməzdi.
Faciə burasındadır ki, adamlarımızın təhlükəsizliyi təmin edilmir. Quldurlar isə bundan şirnikir, üstümüzə ayaq alır, silahsız azərbaycanlıları öldürürlər. Əgər onların burunları ovulsaydı, silahlarını yerə qoymağa məcbur olardılar.
Üç ildir ki, dinclik, əmin-amanlıq pozulub. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar əzab-əziyyət içərisindədirlər.
İndi belə təsəvvür yaranmışdır ki, milli ədavətin qızışdırılmasında mərkəzin əli var. Erməni quldurlarına arxa durmasaydılar, onlar belə qudurmazdılar. Dağlıq Qarabağda sərhəd rayonlarında gərginlik qəsdən saxlanılır. Məqsəd respublikamızın diqqətini mühüm məsələlərdən yayındırmaq, öz müqəddəratını həll etməyə imkan verməməkdir.
Biz isə mərkəzə bel bağlayır, erməni təcavüzünün qarşısında aciz qalır, adamlarımızı itiririk.
SSRİ müdafiə naziri göstəriş vermişdir ki, başqa respublikalardan müddətli xidmətə çağırılan hərbi qulluqçular Zaqafqaziyadakı hərbi hissələrə yalnız könüllü qaydada göndərilə bilər. Qəribə məntiqdir. “Könüllülər” bəlkə Ermənistanda, Dağlıq Qarabağda və Zaqafqaziyanın digər regionlarında hərbi xidmətə gəlmədilər. Bəs necə olsun? Onda qeyri-qanuni yaradılmış erməni milli ordusu ilə silahsız azərbaycanlılar üz-üzə dayanmalı olacaqlar.
Günahsız adamlar qətlə yetirilir. Onların qanı batırılır. Nə vaxta qədər qurbanlıq qoyun kimi ölümümüzü gözləyəcəyik. Saqqallılara qəti cavab vermək vaxtı gəlib çatmamışdımı?
Səbrlə, təmkinlə hərəkət edən başbilənlərimiz xalqın taleyi barədə ciddi düşünməli, tədbirlər görməlidir, sonra gec olar.
T. NƏCƏFOV
18 dekabr 1990-cı il tarixli
“Qızıl bayraq” qəzetindən