“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri üçün” layihəsi çərçivəsində “Dayanıqlı Qaydış” gənclərin yay düşərgəsi fəaliyyətə başlayıb.
Düşərgənin təşkil olunmasında məqsəd qlobal məqsədlərdən məlumatlı və Qarabağın davamlı inkişafı üçün maraqlı gəncləri, tələbələri, gənc peşəkarları və gənclər təşkilatlarının üzvlərini bir yerə toplayaraq “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, DİMlərin maliyyələşməsi, Qarabağın davamlı inkişafı barədə daha da ətraflı öyrənmək və bu istiqamətdə görülən işlərə öz tövhələrini verməkdən ibarətdir.
Düşərgədə 60 gənc istirahət edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə istirahət edən gənclərlə görüşüb.
İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.
Rayon rəhbəri gənclərə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda keçirimiş və keçiriləcək tədbirlər barədə də danışıb. O, Ümummilli liderin müstəqil Azərbaycanın qurucusu, fenomen şəxsiyyət və dövlət başçısı olduğunu, gənclərin onun siyasi fəaliyyətində hələ çox şey öyrənməli olduqlarını vurğulayıb.
Yay düşərgəsinə qatılan gənclər Ümummilli liderin xatirəsinə ehtiram əlaməti olaraq Mərkəzi Meydanda abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra Mərkəzi Meydanda Vətən müharibəsi zamanı ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyində və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeyində olublar.
Rayonla tanış olan gənclər görülmüş işlərdən məmnun qaldıqlarını bildiriblər.