24 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başlayarkən deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı.
1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi.
Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir.
Separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı alındı. 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində hər zaman xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin Azərbaycana axını başlandı. Bu müraciət bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu.
Ölkənin dayanaqlı iqtisadi inkişafını və beynəlxalq əhəmiyyətini müəyyən etmiş “Əsrin müqaviləsi” imzalandı.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün əhəmiyyətli dövlətçilik təcrübəsidir.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir.
Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmişdir. Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi.
Müəllifi Ulu Öndər Heydər Əliyev olan “azərbaycançılıq” ideologiyası xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Ulu Öndərin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.
Yalnız Ulu Öndər hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur.
1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması durur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu.
Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və əbədi yaşayacaq.