Rayon rəhbəri 75 yaşlı şəhid anasını ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.
Zənfurə müəllimə uzun illər həyat yoldaşı Azay müəllimlə birgə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olub, onlara “ana”, ”vətən” kəlmələrini öyrətməklə yanaşı, şagirdlərinə də övladları kimi vətənpərvərlik hissləri aşılayıb.
Ailənin 4 oğul, 1 qız övladı olub. 1973-cü ilin 26 yanvar tarixində anadan olan Vüqar ailənin ikinci övladı idi. Torpaqlarımızın azadlığı uğrunda savaş gedəndə o da döyüşə gedib və 1992-ci ilin 12 noyabr tarixində 21 yaşında Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Bu gün Allahverdiyevlər ailəsinin 4 övladı, 19 nəvəsi olsa da, Vüqarın yeri həmişə görünür.
İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdüklərinə görə təşəkkür edib. Zənfurə müəlliməni 75 yaşı münasibəti ilə təbrik edərək ona Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnaməsini və hədiyyə təqdim edib. Torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.