Cari dərs ilinin son günlərində Sarıcalı kənd tam orta məktəbində çox maraqlı, xatirələrdə uzun müddət yaşanacaq bir görüş keçirildi. Müəllim və şagird kollektivi məktəbin fəxri məzunlarını-ehtiyatda olan polkovnikleytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayılı və bacarıqlı pedaqoq, işlədiyi illər ərzində yüzlərlə şagirdin ürəyinə vətənpərvərlik və ədəbiyyata məhəbbət toxumları səpmiş Bəsti İsmayılovanı gül-çiçəklə qarşıladılar. Görüşdə Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da iştirak edirdilər.
Qonaqları salamlayan məktəbin direktoru Vəsilə Mehdiyeva bildirdi ki, qədim Sarıcalı eli özünün məşhur insanları ilə seçilir. Bu görüşün keçirilməsində məqsəd böyüyən nəsli kəndin, eləcə də təhsil aldıqları və cari ildə özünün 90 illiyini qeyd edəcək məktəbin tarixi və məzunları ilə tanış etməkdir.
Bildirildi ki, hər iki məzun məhz burada – Sarıcalı kəndində birinci sinifə qədəm qoyub. İlham İsmayılı dünyanın müxtəlif ölkələrinə – Türkiyəyə, Almaniyaya, ABŞ-a, Rusiyaya və digər yerlərə aparan yol buradan–kiçik bir məktəbdən başlayıb. İndi həmin məktəbin yerində çox müasir, hər cür şəraiti olan yeni məktəb binası tikilib.
Sonra İlham müəllim Sarıcalı kəndinin tarixi, adı, burada məskunlaşan ilk ailələr haqqında məlumat verdi. Söylədi ki, Sarıcalı oylağı Cavanşir elinin qollarından biridir. 1796-cı ildə bura ilk köç edən Hüseyn bəy olub. Kənddə 50-60 ailə yaşayıb. 1905-ci ildə Qubadlının Şotlanlı kəndindən Sarıcalıya 24 ailə köçürülüb. Hal-hazırda burada 200-dən artıq ev var. Kənd böyüyüb, müasirləşib.
İlham müəllim məktəbə öz hədiyyələrini təqdim etdi– kəndin tarixini əhatə edən kitabı və şagirdləri elmə, biliyə səsləyən maraqlı bir fotonu.
2003-cü ildə respublikada “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş Bəsti İsmayılovanın məktəblə, sevimli müəllimlərilə bağlı xatirələri, şagirdlərə tövsiyələri diqqətlə dinlənildi. Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik tərbiyəsində, həyat yo-lunu müəyyənləşdirməsində böyük rol oynadığını söylədi.
Məktəblilərin ifasında səslənən şeirlər, mahnılar tədbirə xüsusi bir möhtəşəmlik gətirdi, sanki hər kəsin qəlbində doğma Azərbaycanımıza məhəbbətlə dolu bir ürək döyünürdü.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
“YENİ TƏRTƏR”