Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    Bir igidin şərəfinə məclis qurulmuşdu Hacıqərvənd kəndində. Afidə ananın illərlə ürəyində arzusunu yaşatdığı məclis. Buna toy da demək olardı, ad günü də. Ancaq nə bəy-gəlin vardı, nə də təbrikləri qəbul edən o pəhləvan cüssəli oğlan…
    Bu məclis ağır olduğu qədər də möhtəşəm idi. Burada danışan xatirələriydi. O xatirələr ki, xalqımız yaşadıqca, şəhidlərimizi yaşadacaq, insanların sevgisindən onlara abidə ucaldacaq.
    Yaxından-uzaqdan qonaqlar gəlmişdilər. Onlar əvvəlcə Hacıqərvənd kəndindəki qəbiristanlığa gəlib, Rəşadın məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxudu.
    Sonra rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış etdilər.
    Biləsuvar rayonundan olan “Qarabağ” ordenli kapitan, həmlə taborunun komandiri şəhid Elçin Tağıyevin anası Ayna Tağıyevaya yaxınlaşdım. O dedi:
    –Bu gün burada şəhid ataları, anaları var. Bu adı daşımaq olduqca çətindir. Ancaq məğrur dayanmaq, dəyanətli və dözümlü olmaq övladlarımızın ruhu qarşısında bizim müqəddəs borcumuzdur. Biz anayıq, Vətən isə daha böyük mənada anadır, hamımızın anasıdır. Rəşadlar, Elçinlər məhz bu ananın xoşbəxtliyi yolunda şəhid oldular. 44 gün davam edən müharibədə dünya bizim böyütdüyümüz övladların hünərinə heyran qaldı.
    Bu hünəri, heyranlığı əbədiləşdirmək, kitablarda, şeirlərdə, mahnılarda tərənnüm etmək isə xalqın ziyalılarının müqəddəs borcudur. Elə məclisdə də şəhid Rəşad Mirzəliyə həsr olunmuş şeirlərin, mahnının səslənməsi şəhidlərimizin ruhuna böyük ehtiramın nümunəsiydi.
    Buna görə şəhid Elşən Musayevin qardaşı, “Mənim Rəşad balam” mahnısının sözlərinin və musiqisinin müəllifi Cavanşir Musayevə, müğənni Sevinc xanıma və məclisin aparıcısına öz təşəkkürümüzü bildiririk.
    Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Əliyeva, Rəşadın tarix müəllimi Ruhanə Mirzəyeva sevimli şagirdlərilə bağlı kövrək xatirələrini danışdılar. Bildirdilər ki, Rəşad kimi oğullar xalqımızın başını uca etdilər. Bu gün onların qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş torpaqlarda yeni həyat başlayır. Gələcək nəsillər şəhidlərimizin yaşadıqları o qısa, lakin çox şərəfli ömrün unudulmaz anlarını daim öyrənəcək, Vətənə onlar kimi övlad olmağa çalışacaqlar.
    … Məclis başa çatdı. Göz yaşlarımızı gizlədə bilməsək də, qəlbimiz qürurluydu. Çünki Azərbaycan kimi qüdrətli Vətənimiz var. Vətənimizin Rəşad kimi qeyrətli övladları var.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:25

İsmarıclar bağlıdır.