59 il bundan əvvəl rayonumuzda peşə məktəbinin açılması həm Tərtərimizin, həm də ətraf rayonların həyatında əlamətdar hadisə oldu. Çünki bütün dövrlərdə öz peşəsini sevən və yaxşı bilən kadrlara ehtiyac olub.
Bu illər ərzində məktəbdə minlərlə gənc müxtəlif peşələrə yiyələnərək kənd təsərrüfatında, sənayedə, xidmət sahələrində uğurla çalışıb, ölkəmizin inkişafına öz töhfələrini veriblər. Məktəbin məzunları həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsində fəal iştirak ediblər. Onlardan şəhidlik zirvəsinə ucalanlar var. Müəllim və tələbə kollektivi şəhidlərin xatirəsini daim uca tutur, keçirilən tədbirlərdə onları yada salırlar.
Lakin 59 il ərzində məktəb heç zaman əsaslı təmir olunmauşdu. Xüsusən erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşən soydaşlarımız məktəb binasında məskunlaşandan sonra, burada vəziyyət daha acınacaqlı olub, yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyətində uçmaq təhlükəsi yaranıb.
44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra həyatımızın bütün sahələrində olduğu kimi, bu məktəbin həyatında da mühüm dəyişikliklər baş verib.
Uzun illərdən sonra burada təmir işlərinə başlanılıb.
Artıq Elm və Təhsil Nazirliyinin xətti ilə “FH” MMC şirkəti məktəbdə əsaslı təmir işlərinə başlayıb və bu işlər sürətlə davam etdirilir.
Məktəbin 1, 2, 3-cü mərtəbələri tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.
Qeyd edək ki, yeni tədris ilində məktəbdə 300 nəfər tələbə tədris keçməklə, müxtəlif peşələrə yiyələnəcəklər.
Hazırda Tərtər Peşə Məktəbində 14 nəfər ixtisas fənn müəllimi, 8 nəfər isə istehsalat təlim ustası işləyir.
Məktəbin həmçinin təlim təsərrüfat sahəsi var. Burada tələbələr əyani surətdə istehsalat təcrübəsi keçir, kənt təsərrüfatı bitkilərinə qulluq işlərini öyrənirlər.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə məktəbində olaraq, burada təmir işlərinin gedişi ilə maraqlanıb, təlim təsərrüfat sahəsində işlərin gedişi ilə tanış olub və kollektivə öz tövsiyələrini verib.
Məktəbin dirktoru Əli Babayev deyir:
–Müasir dövrümüzdə peşələrə maraq qat-qat artıb. Xüsu-silə torpaqlarımız işğaldan azad edildikdən sonra həmin yerlərdə aparılan quruculuq-bərpa işlərini həyata keçirmək üçün müxtəlif peşə sahiblərinə ciddi ehtiyac duyulur. Odur ki, məktəbimizdə təhsil almaq istəyənlərin sayı çoxalıb. Əgər əvvəllər peşə məktəbinə orta təhsil zamanı yaxşı qiymətlər almayanlar göndərilirdisə, indi bu, belə deyil. Gəncləri bizim məktəbə seçdikləri peşəyə olan maraq gətirir. Əminik ki, təmirdən sonra həm təhsilin səviyyəsi yüksələcək, həm də məktəbimizin gözəl yataqxanası olacaqdır ki, bunun da nəticəsində işlərimizi daha yüksək səviyyədə qura biləcəyik.
“Yeni Tərtər”