Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    DAĞ ARMUDU

    Bu bir təsadüfdür, yoxsa tanrının hikməti?
    Mən bu hekayəni məhz Ramazan bayramı günü – 21.04.2023-cü ildə, saat 01-də qələmə alıram.
    Evimizin qarşısında soğan ləkinin içində körpə bir armud ağacı əkilmişdi. Sel gələndə dağlardan gələn selintinin içində bir körpə fidanın olduğunu görən atam onu həyətimizə gətirib əkmişdi. Əkildiyi yeri sevən armud ağacı böyüyür, qol-budaq atırdı. Meyvələri o qədər şirin, o qədər ləzzətli idi ki…
    Atamın dünyasını dəyişdiyinin 3-cü ili idi. Qəflətən aprel ayında güclü külək başladı. Külək damların örtüyünü qoparır, ağacların başı əyilərək torpağa salama gəlirdi. Boylu-buxunlu, qamətli, tər çiçəkləri ilə həyətimizə gözəllik verən armud ağacının kökü az qala torpaqdan ayrılırdı. Anam ağacı qorumaq üçün 2 ədəd payanı yerə çaldı. Kəndiri ağacın gövdəsinə bağlayaraq onun dayaqlarını bərkitməyə çalışır, ancaq güclü külək buna imkan vermirdi. Elə bu zaman qayınları evinə gedən Məhluqə xala həyətə döndü. Anamın köməyinə çatdı. Ağacı bağladılar. Kökün ətrafını torpaqladılar. Külək, tufan elə bil bunu gözləyirdi. Ətrafı sakitlik bürüdü. Bağlar, bağçalar küləyin təsirindən viranəyə çevrilmişdi. Sınmış budaqlar, sovrulmuş çiçəklər çəpərlərin arasına, evlərin ətrafına sığınmışdı.
    Bütün bu gördüklərim mənə nə deyirdi: Atamın hər bir yadigarı – canlı, cansız nə vardısa anam üçün əziz idi.Atam dünyasını dəyişən ili çəpər boyu əkilmiş çəhrayı güllər qurudu. Təkcə bir gül kolu qalmışdı. Anam gülə elə qulluq edirdi ki… İndi də armud ağacı, dağdan sürgün edilib aranda məskunlaşmış armud ağacı…Atamdan yadigar armud ağacı.
    Məhluqə xala seyid nəslindən idi. Atamı doğma qardaşı kimi sevərdi. Anamın köməyi-nə onun yetməyi bir təsadüf idimi, yoxsa…
    Armud ağacı o qədər böyümüşdü ki…
    Anam ağacın dibində kiçik bir hovuz düzəltmişdi. Meyvələr yetişəndə, qaraciyər armudlar bal kimi şirəsini verəndə tökülmüş armudları yığar, elə oradaca yuyar, yeyərdik. Qaraciyər, yumru armud.
    Anam böyük qardaşım Yusifə toy edəndə həyətdə qurulmuş palatka armud ağacına görə əyri alınırdı. O mağarı quran qohum-əqrəba : “Həcər xala, bəlkə bu ağacı kə-sək”,–dedilər: Anam isə: “Ay bala, çadırı kənardan aparın, armudun başına dolandırın. Mən onu özüm bəzəyəcə-yəm”, –dedi. Mağarın içərisində qalan gövdəni qırmızı rəngli xara ilə bəzədi, toybəyinin stolunu da onun altına qoydu. Bax belə…
    Həyat davam edir. Dəyərlər dəyişir.
    Anam dünyasını dəyişəndən sonra qardaşım Yusif evinə əl gəzdirmiş, köhnəlmiş hissələri yeniləmiş, evi artırmağa mane olan armud ağacını kəsdirmişdi.
    Yusifdən xahiş etmişdim ki, pillələri dəyişəndə köhnənin sağlam hissələrini saxlasın, yeni pilləkanın içərisinə qoysun. O pillələr mənim üçün çox müqəddəs idi. O pillələrdən tanrıdan sonra qibtə və pərəstiş etdiyim valideynlərim, qızdan, gəlindən həyalı atam Yaqub kişi, qeyrətli anam Həcər qalxmışdı. O ayaq izlərini dünyanın heç bir möhtəşəm pillələri mənim üçün əvəz edə bilməzdi.
    Ancaq armud ağacının kəsiləcəyini ağlıma gətirməz-dim.
    Tərtərə gəlmişdim. Həyət, baca, ev-eşik görkəmini dəyişmişdi, yenilənmişdi. Ancaq mənim müqəddəs armud ağacım yox idi. İçimdə keçirdiyim təlaşı dilimə gətirmədim. Ancaq…
    Atam dünyasını dəyişəndə Yusifin 7 yaşı vardı. Atamdan sonra birinci sinfə getmişdi. Mənim xatirələrim onda ola bilməzdi. Bu təbiidir.
    Ancaq həyat davam edir. 2022-ci ildə yenidən Tərtərə gedəndə qardaşım mənə yeni bir armud ağacı göstərdi. Həmin armud, həmin ağac. Bu dəfə eyni armudun toxumundan böyümüş, Yusifin əkdiyi armud ağacı.
    Ata yurdunda ömrün uzun, əbədi olsun, Qardaş!
    Bu xatirə sona yetir. İkinci bir tarix yazılır, yaşanır. O günlərdən yadigar yalnız fikirlər, yazılar və bir də təsvir etdiyim armud çiçəkləri.

    Sona Əsgərova,
    STMED klinikasının rəhbəri,
    Tibb üzrə fəlsəfə doktoru

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.