Geyimlər görəndə, ana, hər dönə
48 ölçüdə qalar gözlərim.
Cibim pullarımın qəbrinə dönər,
Titrəyər dizlərim, dolar gözlərim.
48 ölçüdə paltar geyərdin,
Kəsər şaxta məni, döyər qar məni.
48 ölçüyə çevrilib dərdin
Vitrindən boylanıb yandırar məni.
İmkanım hər dəfə imkansızlaşar
Baxar 48-lər arxamca dəst-dəst,
Hamısı əyninə gözəl yaraşar,
Niyə birini də alammıram bəs?
Qalıb gözlərimdə murazım mənim,
Təsəllim bir şirin gümana qalıb.
Sevinmək qismətim qızım Zöhrənin
Ölçüsü 48 olana qalıb.
Düşər boy-buxunun yadıma hər gün,
Boyun gedər-gəlməz yolcusu olub.
Gör neçə ildir ki, əyin-baş ölçün
Dönüb həsrətimin ölçüsü olub!
Yazbaşı qar yağar ilk nübarıma ,
Mən səni yazbaşı itirdim, ana!
Əyin-başın üçün yığdıqlarıma
Səni son mənzilə ötürdüm, ana!
O vaxtdan payım nə, töhfələrim nə?
Oğul yox, ürəyi daş olmuşam mən!
Paltar əvəzinə, sənin əyninə
48 ölçüdə daş almışam mən!
48 ölçüdə görsəm hər nəyi,
Nəbzim 48-ə enər anbaan.
Uçunub yerindən qopar ürəyim,
Sürünər müqəddəs torpağınacan.
48 ölçülü qadın paltarı
Tüstümü təpəmdən qalxızar göyə.
Gələrəm, üstündə bitən otları
Gözümün yaşıyla əmizdirməyə.
Geyimlər-keçimlər gəlməz eyninə ,
Biganə qalmısan, ana, hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.
Geyimlər görəndə, ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər,
Titrəyər dizlərim, dolar gözlərim,