Bu günümüzü sabaha daşıyan qəzet
Yaxşı yadımdadır, 1966-cı il idi. Tərtər şəhər 2 saylı məktəbin 10-cu sinfində oxuyurdum (kəndimizin məktəbi 8 illik idi). Məktəbin direktoru görkəmli xalq müəllimi Sabir Paşayev idi. Rayonun gözü olan bu məktəbdə həyat bulaq kimi qaynayırdı. Məktəbimizin ədəbiyyat dərnəyinə şair Məmməd Aslan rəhbərlik edir, “Qızıl bayraq” qəzetinin məsul katibi Qədir Allahverdiyev tez-tez dərnəyə baş çəkirdi.
Həmin il qəzetdə mənim ilk şeirim dərc edildi. Bir kənd uşağı üçün bu çox böyük bir sevinc idi. İndiyədək mən bu hissləri unutmamışam. Bax beləcə başladı mənim bu qəzetlə ünsiyyətim.
Rayon qəzeti “Yeni Tərtər” adı ilə nəşrə başlayanda mən artıq Tərtərdə məcburi köçkün həyatı yaşayırdım. Qəzetin ovaxtkı redaktoru Tofiq Yusifi isə oxucusu olaraq istedadlı bir şair kimi tanı-yırdım. Biz sonradan tanış, dost olduq və “Yeni Tərtər” mənim üçün doğma ocağa çevrildi.
Zamanla səsləşən, günün aktual məsələlərinə dərhal reaksiya verən, səhifələrində tariximiz, adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, “Köhnə kişilər”, qəhrəman Tərtərimizin Avropa şəhərinə çevrilərək əzəmətli addımlarla, günü-gündən çiçəklənərək tərəqqi etməsi barədə səriştəli yazılar verən, gündəmdə məzmunca respublika miqyaslı mətbu orqanları ilə bir səviyyədə duran bu qəzet bu günümüzə ayna tutaraq onu sabaha daşıyır, tarixə çevirir.
Zabil Süleymanoğlu,
təqaüdçü müəllim, “Yeni Tərtər”in
ştatdankənar müxbiri