Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Mövsüm uğurlu başladı

    Rayonumuzun iqtisadiyyatının aparıcı sahələrindən biri pambıqçılıqdır. Ulu Öndər Heydər Əliyev birinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi illərdə Tərtərdə bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərir, keçirdiyi müşavirələrdə, “ağ qızıl” ustaları ilə görüşlərində rayonun bərəkətli torpaqları, zəhmətsevər insanları olduğunu qeyd edirdi.
    Respublikamız müstəqillik əldə etdiyi ilk illərdə pambıqçılığın inkişaf etdirilməsi bir qədər unudulmuşdu. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən aqrar islahatlar, torpaqların əsl sahiblərinə qaytarılması, meliorativ tədbirlər digər vacib problemlər kimi, pambıqçılıqda yaranan çətinliklərin aradan qaldırılmasına şərait yaratdı. Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər nəticəsində, Azərbaycanda mü-hüm strateji məhsul olan pambığın əkilib-becərilməsində yeni-yeni uğurlara nail olundu.
    O cümlədən Tərtər rayonu da son illər bu sahədə qabaqcıllar sırasına çıxdı, ardıcıl olaraq hər hektarın məhsuldarlığına görə respublikada birincilər sırasında dayandı.
    Hal-hazırda kənd təsərrüfatında işlərin qızğın çağıdır. Xüsusən pambıqçılıqda hər an qızıla bərabər sayılır. Çünki xırda ləngimə, aqrotexniki tədbirlərin vaxtında və lazımi keyfiyyətdə aparılmaması nəticədə məhsuldarlığa ciddi təsir edə bilər.
    Bəs, rayonumuzun fermerləri bu vəzifənin öhdəsindən necə gəlirlər? Pambıqçılıqda işlərin vəziyyəti necədir? Bu suallarla Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində bitkiçilik sektorunun müdiri Arif Behbudova müraciət etdik. O bildirdi ki, cari ildə rayonumuzda 2488.03 hektar sahədə pambıq əkilib. Bu məqsədlə rayon üzrə 735 istehsalçı ilə müqavilələr bağlanıb.
    MKT İK MMC-nin Tərtər filialı 2023-cü mövsüm ilində 436 fermerlə 1314 hektar ərazidə pambıq əkilməsi üçün müqavilələr bağlayıb. 2022-ci mövsüm ilində ən yüksək məhsuldarlıq əldə edən fermerlərdən biri Əli Məmmədli olub.
    “Azərpambıq” ASK MMC-nin pambıq istehsalı və tədarükü məntəqəsinin kollektivi də cari mövsümdə yüksək nəticələr əldə etmək üçün bütün qüvvələri səfərbər edib.
    Bu müəssisə ilə müqavilə bağlayan qabaqcıl fermer, Əskipara kəndindən olan Pünhan Bədəlov deyir ki, ötən mövsüm ili pambıqçılıq üçün o qədər də əlverişli keçməsə də, o, hər hektardan yüksək məhsuldarlığa nail olmuşdur. Cari mövsüm başlayandan isə “ağ qızıl” becərənlərin üzü gülür. Səpindən sonra yağan ardıcıl yağışlar yaxşı bitiş alınmasına kömək edib.
    Arif müəllimdən onu da öyrəndik ki, cari ildə rayonda “BA-1010”, “May 445”, “Ceyhan”, “Lazer” “BA-440”, “BB-332” pambıq növləri əkilib.
    Hazırda 2000 hektara yaxın sahədə normal bitiş alınıb, kultivasiya, bitiş suyunun verilməsi və 1-ci ketmənləmə işləri ardıcıl olaraq aparılır. Bir sözlə, rayonun pambıqçıları bütün qüvvələrini səfərbər edərək bol məhsul uğrunda mübarizəyə qoşulublar. Uğur olsun!
    Svetlana BAĞIROVA

     

    Müəllif: Redaktor, 11:54

İsmarıclar bağlıdır.