Yoldaşlarını ziyarət etdi, bir həftədən sonra isə özü xiyabana şəhid kimi qayıtdı…
Bu günlərdə sosial şəbəkədə litvalı jurnalist Riçards Lapaitsin azərbaycanlı döyüşçü, I Qarabağ müharibəsində şəhid olmuş tibb bacısı Rəhilə Orucova haqqında kövrək bir yazıya rast gəldim. Bu sətirləri yalnız Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən bir insan yaza bilərdi.
Aşağıda həmin yazını oxucularımıza təqdim edirik.
Rəhilə Orucova doğma torpaq uğrunda şəhid olanda cəmi 27 yaşı vardı. Şuşanın alınması xəbərini o, Tərtərdə eşitdi. Ağdərə rayonunun Marquşevan kəndi (hazırda Şıxarx) istiqamətində hücuma keçmək əmri verilmişdi. O, həmin Şıxarxdı ki, özümün könüllülük fəaliyyətimdə dəfələrlə orada olmuşam. Könüllü olaraq ora gəlirdim! Artıq bizim günlərdə burada Turanə adlı azərbaycanlı qız şəhid olmuşdu. Şıxarx – bu, bütöv bir tarixdir! Kədər, böyük döyüşçülər və cəsarətli şəxsiyyətlər tarixi! Rəhilə Göyçayda doğulmuşdu. Bu, Azərbaycanın xüsusilə gözəl bir guşəsidir. Sonralar Orucovlar ailəsi Bakıya köçdü və o, burda tibb texnikumunu bitirdi.
Qarabağ müharibəsi başlayanda, o, könüllü olaraq cəbhəyə getdi. Könüllü! Mənə elə gəlir ki, bu, başqalarının həyatını xilas etmək üçün insanın edə biləcəyi ən yüksək hərəkətdir. Qorxmaz qız kişilərlə bərabər döyüşə gedirdi. Həmin kədərli gündə “Qurtuluş” batalyonundan 11 əsgər şəhid olmuşdu.
Taleh ondan hər şeyi aldı və özünün gənc yaşlarında qismətinə başqalarının bəlkə də dərk edə bilməyəcəyi sınaqlar düşdü. Ona vurulmuş Balaxan adlı bir əsgər vardı. Cəbhə məhəbbəti. Bu, başqa məhəbbət idi. Çox səmimi və ürəkdən gələn! Ölümün astanasında olan məhəbbət, sanki İlahinin özü tərəfindən göndərilmişdi. Əvvəlcə sübut etmək lazım idi ki, sən buna layiqsən. Az bir müddətdən sonra Balaxan şəhid oldu. Həmin gün şəhid olan digər yoldaşları–Etibar, İlqar, Elşad kimi. Rəhilə Balaxanı xilas etmək üçün hər şey etdi, ancaq bunu bacarmadı. Mayın 4-də o, Bakıdakı Şəhidlər Xiyabanına, yoldaşlarının məzarı üstünə gəldi. Birdən o, təzə qazılmış qəbir gördü. Rəhilə Şəhidlər Xiyabanının işçisini çağırdı. O dedi: “Məhəmməd dayı, xahiş edirəm, bu yeri mənə saxla. Öz cəbhə yoldaşlarımdan uzaq düşmək istəmirəm. Düz bir həftədən sonra mən qayıdacağam.” Snayper gülləsi onun düz ürəyinə dəyib kürəyindən çıxmışdı. Qarabağ müharibəsinin bütün ağrısını və ədalətsizliyini o, bax beləcə qəbul etmişdi. Düz ürəyinə… Rəhilənin ölümü bütün batalyonu sarsıtdı. Onun həyatını qoruya bilmədikləri üçün onlar özlərini günahlandırırdılar. Rəhilənin həyatını! Otuz ildən çox vaxt keçib Şuşa bu gün azaddır.
Bütün azərbaycan torpaqları azaddır.
Azərbaycan döyüşçüləri yalnız o zaman sakitləşəcəklər ki, bu torpaqlarda bir nəfər də erməni yaraqlısı qalmayacaq.
Zenfira xanım Məhərrəmliyə xüsusi təşəkkürümü bildirirəm. Onun sayəsində tarix yaşayır və daim yaşayacaq.
Riçards Lapaits,
litvalı jurnalist