Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Dinləyici vurğunluğu

    Hələ səksəninci illərdə ekranda, efirdə sevə-sevə dinlədiyim mahir bir saz ifaçısı vardı – Əıi Quliyev ( Əli Urfan ). O aşığı qiyabi tanısam da, böyük və kamil sənətkar kimi ona qəlbimdə dərin hörmət, sonsuz dinləyici sevgisi olub. Yaxın ötən həftələrin birində “Saz-söz məclisi”nin qonağı olan aşıq Əlini müdrik, ağsaqqal bir sənətkar durumunda görəndə onun sənətinə, şəxsiyyətinə olan rəğbətimin əbəs olmadığına bir daha əmin oldum. Bu günlərdə ( 07.05.2023) bir şeirlər kitabını Elnur Baxışın vasitəsi ilə mənə hədiyyə göndərən USTADA təşəkkürümü bildirirəm. Kitabı əlimə alanda sandım ki, müəllifin əlidir, mənim əlimi sıxır.
    Böyük sənətkarların sadəliyi, səmimiliyi, təvazökarlığı pərəstişkarlarına onun haqqında ürək sözlərini söyləməyə, yazmağa cəsarət verir. Odur ki, mən də kiçik bir deyimi hörmətli oxucuların diqqətinə təqdim edirəm.

    Ay Urfan

    Kamil sənətkarlar az-az yetişir,
    Onların biri də sənsən, ay Urfan.
    Saza ehtiramda, sözə hörmətdə,
    Ulu Ozanlarla tənsən, ay Urfan.
    Çox izlər, çox adlar itər dünyada,
    Bu qoca dünyada, bu tər dünyada.
    Hərə bir ömürlük bitər dünyada,
    Sən əbədi düşən dənsən, ay Urfan.
     

    Cüt ilham yarışır şux həvəsində,
    Biri barmağında, biri səsində.
    Qədirbilənlərin əhatəsində
    Xoşbəxt aşıq kimi şənsən, ay Urfan.

     

     

    Sənətdə məktəbsən başdan- ayağa,
    “Bələdçi nə lazım görünən dağa”.
    Talıbın marağı var oxumağa,
    Canlı bir dərsliksən- fənnsən, ay Urfan.

    Duyanlar təbinə coşqun çay deyir,
    Qüdrətinə – Haqdan gələn pay deyir.
    Aydın sabah deyir, nurlu Ay deyir,
    Xəbislər gözündə çənsən, ay Urfan.
    Talıb Həsənoğlu,
    Tərtər rayonunun İrəvanlı kəndi
    11 may 2023-cü il

     

    Müəllif: Redaktor, 11:13

İsmarıclar bağlıdır.