Çıldıran ugrunda gedən döyüşdə şəhid oldu
1992-ci il sentyabr ayının 1-də Çıldıran yüksəkliyi uğrunda gərgin döyüşlər gedirdi. Batalyon üzvlərinin əhval-ruhiyyəsi çox yüksək idi. Düşmənlər yüksəkliyi qoyub qorxaqcasına qaçırdılar, ancaq ara-sıra ətrafda mərmilər partlayırdı.
Döyüşçülərimizin əksəriyyəti artıq yüksəkliyə qalxmışdılar, ancaq bir az arxada qalanlar da vardı. Onlardan biri Vəzir Oruco-həmkəndlisi, rayonun Xoruzlu kəndindən olan Hafiz Səfərov idi.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov bu döyüş barədə belə danışır:
–Sentyabrın 1-i, günorta saat 1-2 radələri idi. Çıldıran yüksəkliyini almaq tapşırığını alan igidlərimiz sürətlə irəliləyirdilər. Belə dəqiqələrdə bizi heç nə dayandıra bilməzdi. Ona görə də arxada partlayış səsini eşitsək də, dayanmadıq. Çünki adi bir ləngimə, çaşqınlıq əməliyyatın gedişini poza bilərdi. Ancaq ətrafda baş verənləri diqqətlə izləyən Vəzir Orucov dərhal vəziyyəti öyrəndi. Məlum oldu ki, partlayış nətıcəsində batalyonun iki üzvü – Hafiz Səfərov və Ərşad Sarıyev şəhidliyə ucaldılar, Sərvər, Əhəd və İlham isə yaralandılar (İlham da bir ay sonra aldığı yaradan şəhid oldu).
Ölümün gözünə dik baxan, həyatda heç nədən qorxmayan sevimli komandirimizin üzündəki ifadəni, “anaları o uşaqları mənə tapşırmışdılar” sözlərini bu gün də unuda bilmirəm.
Hafiz Səfərov 1970-ci il may ayının 13-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1988-ci ilin may ayından 1990-cı ilin may ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kəndlərində kolxozçu işləyib. Erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün 1992-ci ilin avqust ayında təkrar hərbi xidmət etmək üçün Milli Ordu sıralarına gedib. Ağdərə ərazisində gedən döyüşlərin iştirakçısı olub.
Hafizin şəhidliyə qovuşduğu günü bu gün də xatirələrində yaşadan Suliddin müəllim deyir ki, o, çox vətənpərvər gənc idi. Ürəyində neçə-neçə arzusu vardı. Hafizin ən böyük arzusu indi gerçəkləşib. Torpaqlarımız azaddır. Bu yolda şəhid olanların hamısına Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.
“YENİ TƏRTƏR”