Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08May

    Birinci Qarabağ müharibəsi şəhidi Rasim Mürsəlov 1956-cı il may ayının 17-də Tərtər şəhərində anadan olub. Sadə, zəhmətkeş ailədə böyüyüb. Özü də müxtəlif peşələrə, o cümlədən rəngsazlığa, sürücülüyə maraq göstərib. Odur ki, 1972-1974-cü illərdə keç-miş Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra Bakı şəhərindəki 48 nömrəli texniki peşə məktəbində təhsil alıb və paytaxtda qalıb işləyib.
    Lakin ötən əsrin 90-cı illərinin əvvəlində ermənilərin törətdikləri təxribatlar nəticəsində rayonumuzda vəziyyət gərginləşəndə, Rasim Tərtərə qayıdıb və bir müddət sürücü işləyib. “Tərtər Özünümüdafiə Batalyonu” yaradılarkən könüllü olaraq həmin batalyona yazılıb.
    Rasim Mürsəlov Qarabağ müharibəsi tarixinə “Marquşevan əməliyyatı” adı ilə daxil olmuş döyüşün iştirakçısıdır. Həmin döyüş 1992-ci il aprelin 10-da başlamış və 2 gün davam etmişdir. Batalyona yerli polis əməkdaşları və mülki əhali yaxından kömək edirdi. Tərtərlilər qəhrəmancasına vuruşurdular. Qüvvələr isə qeyri-bərabər idi. Ermənilər rus havadarlarının köməyi ilə texnika və silah-sursatla təchiz edilmişdilər, biz tərəfdə isə bunlar çatışmırdı. Döyüşçülərin ürəyindəki Vətən sevgisi onları yağı düşmənin üzərinə adi bir avtomatla aparırdı.
    Rasim Mürsəlov da qəhrəmancasına döyüşür, qorxu bilmədən düşmənin üzərinə gedirdi. Lakin müharibənin öz qanunları var. Bu əməliyyat nəticəsində Tərtər Batalyonu kəndi düş-mənlərdən azad etsə də, qüvvələrin qeyri-bərabərliyi və hərbi texnikanın olmaması üzündən alınmış kəndi saxlamaq mümkün olmadı. Onlar 7 hərbçi, 4 polis əməkdaşı, 6 mülki vətəndaş qurban verərək geri çəkilməli oldular. Həmin döyüşdə şəhidlik zirvəsinə ucalanlardan biri də Rasim Mürsəlov idi.
    Qədirbilən xalqımız şəhidlərin əziz xatirəsini əbədi olaraq yaşadır. Tərtər şəhərinin küçələrindən birinə Rasim Mürsəlovun adı verilib. Nəinki tərtərlilər, şəhərimizin qonaqları da bu küçədən keçərkən igid döyüşçünün xatirəsini minnətdarlıq hissi ilə yad edirlər.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 08:22

İsmarıclar bağlıdır.