Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edib.
Dövlət başçısı bildirib ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur.
Qeyd olunub ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq.
Prezident İlham Əliyev deyib ki, ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci ildönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.
Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.
Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər.
Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar.
Kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.
Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.
Qeyd olunub ki, üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, atəşkəsdən sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi.
Azərbaycan inteqrasiya olunmuş Cənub Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdü. Buna görə Azərbaycan sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdü.
Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu.
ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, mövcud məsələdə ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır.
Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq.
Prezident İlham Əliyev bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib.
Azərbaycan vahid əməkdaşlıq formatına malik olmaq istəmir. Assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Azərbaycan Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq saziş və bəyannamə imzalayıb.
Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçib. Ukrayna və Gürcüstan 15 il NATO-ya üzv olmağa çalışırlar. Azərbaycan isə ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb.
Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.
Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. İstənilən ölkənin, xüsusilə qonşu ölkənin parçalanması, potensial təhlükə törədə bilər.
Qeyd olunub ki, Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə – Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur. Azərbaycan hər zaman Dağıstan və Çeçenistandakı qardaşlarımızın öz böyük potensialını tam həyata keçirmək imkanında olmasını istəyib. Bu gün bizim çox fəal qarşılıqlı əlaqə formatımız var. Bu iki respublikadan Azərbaycana və Azərbaycandan oraya müxtəlif səviyyələrdə çoxlu nümayəndə heyətləri gəlir. Biz əməkdaşlıq haqqında sazişlər imzalamışıq və sadəcə, bu yaxınlarda Dağıstanla bir neçə illik proqram imzalanmışdır.
Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyi qeyd olunur.
Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Proses bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir.
Azərbaycan tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoq fəal şəkildə inkişaf edir.
Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var.
Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir.
Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb.
Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub.
Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır.
Prezident İlham Əliyev deyib ki, Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb, bəlkə bir il buna yaxın olub.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb.
Tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Çünki onlar özləri rəhbərlik səviyyəsində etiraf ediblər ki, özlərini müasir silahlar, sursatlarla təchiz etmək üçün kifayət qədər iş görməyiblər. Geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq.
Biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq həmişə işğal altında olacağıq.
Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim ruhumuzun nümayişidir.
“Bir kəmər, bir yol” təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib. Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunur.
Dövlət başçısı bildirib ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.
Azərbaycan hər zaman İran ilə olan əlaqələri inkişaf etdirməyə çalışıb. Qarşılıqlı səfərlər daim olub. Bizim çox fəal ticarət əlaqələrimiz olub. Biz nəqliyyatla bağlı məsələlərdə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fəal işləmişik və bu əlaqələrin böyük potensialı var. Çünki qonşularla yaxşı əlaqələrin olması hər zaman yaxşıdır, xüsusilə tarixdə xatırlanası çox məqam olanda.
İşğal dövründə bizim İrandan daha çox gözləntilərimiz var idi. İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs veriblər. Bununla belə, Azərbaycanda yaşayan insanlar kimi, biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar. Azərbaycanda bir çox insanlar gözləyirdilər ki, işğal vaxtında Türkiyənin, Səudiyyə Ərəbistanının, Pakistanın göstərdiyi kimi eyni münasibət olsun. Ermənistan İran ərazisindən daşımalar, eləcə də hərbi sursat və avadanlığın daşınması üçün fəal şəkildə istifadə edirdi.
Xəzər dənizi razılaşması üzərində digər Xəzəryanı dövlətlərlə razılığa gəldik. Bu isə asan deyildi. Ölkələr arasında razılığa gəlmək üçün təxminən 30 il vaxt tələb olundu. Bir çox razılaşma olmayan məqamlar var idi. Yekun nəticədə Aktauda, Qazaxıstanda saziş imzalandı.
Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur.
Biz İran yük maşınlarının, dövri olaraq, Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi.
İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi. İran səfiri Xarici İşlər Nazirliyimizə dəvət olundu və məsələ ictimai qaydada açıqlandı. Lakin, əfsuslar olsun ki, daşımalar dayanmadı və hətta daha intensiv forma aldı. Hətta İran bizim sərhədə yaxın hərbi təlimlər təşkil etməyə başladıqda, biz bunu da emosional addım kimi dəyərləndirdik.
Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir.
Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bizim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir. Azərbaycan səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edir.
Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi. Bir neçə gündən sonra terror aktını törədən qrup yaxalandı. Bizim hüquq mühafizə qurumlarımız çox səmərəli işləyir. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir.
İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir. Onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.
Prezident İlham Əliyev deyib ki, Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Onlar sovet dönəmində Azərbaycana və Gürcüstana rəhbərlik edirdilər. Əslində, onlar Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Təbii ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu.
Gürcüstan və Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır.
Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır.
Qara dənizin dibi ilə kabelin ötürülməsi üçün dörd ölkədən ibarət daha geniş format yaradılıb – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya. Həmin layihənin Məşvərət Şurasının ilk iclası Bakıda, ikinci toplantısı isə Tbilisidə keçirilib. Biz bu layihəyə daha böyük perspektivdən baxırıq və onu sadəcə “Qara dəniz kabeli” kimi deyil, Xəzərdəki külək enerjisi stansiyalarından Avropaya enerjini ötürən vasitə kimi qəbul edirik.
Avropa İttifaqı Azərbaycanın enerji layihələrini qəti şəkildə dəstəkləyir.
İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var.
Qeyd olunub ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi böyük təəssürat bağışlayır. Enerji təhlükəsizliyi məsələləri ilə bağlı olan bütün layihələr Birləşmiş Ştatlar tərəfindən dəstəklənib. Dünya Bankı Bakı-Tbilisi-Ceyhanın tikintisinə vəsaitin ayrılmasını bir il yubatdı, Birləşmiş Ştatlar bizə həmin çətinlikləri dəf etməkdə yardımçı oldu. Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanın planlarına verdiyi dəstək çox əhəmiyyətli oldu. Bizim Birləşmiş Ştatlarla çox dərin münasibətlərimiz var və xüsusən də indi. Heç kəs düşünməməlidir ki, 907-ci düzəliş və bəzi digər məsələlər münasibətlərimizə təsir edə bilər. Onlar xırda məsələlərdir.
Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir. Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq.
Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar.
Azərbaycan və Çin arasında əla münasibətlər var və görülən işlər həmin əməkdaşlığın inkişafı üçün zəmin yaradır.
Orta Dəhliz layihəsi Azərbaycan tərəfindən tam dəstəklənir. Azərbaycan yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıdır. Biz bu imkandan istifadə edərək, marşrut boyu biznes fəaliyyətini stimullaşdırmalıyıq.
Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilər var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır.
Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir. Təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır.
Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan 10-dan artıq dövlətdən enerji təchizatı ilə bağlı müraciət alıb. Müraciətlər təchizatın həcminin artırılması və ya təchizata başlamaq imkanları axtarılmasından ibarətdir. Əlbəttə, bunun üçün əlavə sərmayə lazımdır və bir sıra texniki məsələlər öz həllini tapmalıdır. Avropa İnvestisiya Bankı artıq təbii yanacaqla bağlı layihələri maliyyələşdirmir.
Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır.
“Şahdəniz” yatağından əlavə qaz gözlənir. Təqribən dörd ildən sonra “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil ediləcək. “Abşeron” yatağından qaz təchizatının başlanılması ehtimalı var. İlk mərhələdə “Abşeron”dan 1,5 milyard kubmetr əldə edəcəyik. “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var, BP və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və ”Babək” yataqlarının böyük potensialı var. “Qarabağ” neft yatağımız var və orada da potensial var.
Qazın nəqli üçün imkanlar olmalıdır və TAP mütləq genişləndirilməlidir. Onun səhmlərinin 20 faizi Azərbaycana məxsusdur, bir şirkətdən başqa digərlərinin də payı 20 faizdir. Burada TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik.
Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında əməkdaşlıq əlaqələrin qorunması olduqca vacib vəzifədir.
Prezident İlham Əliyev tərəfindən söylənilən fikirlər hər bir Azərbaycan vətəndaşı tərəfindən bəyənilir və dəstəklənir.