Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Apr

    ONU YAŞADAN EL MƏHƏBBƏTİDİR

    Məhəbbət Paşayeva rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə Tərtər üçün unudulmaz olan 1992-ci ildə təyin olunmuşdu. Həmin vaxt Tərtər od içində yanırdı. Belə dəhşətli günlərdə nəinki qadın, hətta ən cəsarətli kişi belə rayonun baş həkimi kimi ağır bir yükü öz çiyinlərinə götürməyə cürət etməzdi. Axı, o zaman Tərtər düşmənlə üz-üzə dayansa da, burada hələ hərbi hospital formalaşmamışdı. Odur ki, bütün ağırlıq xəstəxananın üzərinə düşürdü. Xəstəxana isə ermənilərin ən çox atəş altında saxladığı nöqtələrdən biri idi. Həm də ixtisaslı həkimlər, cərrahlar çatışmırdı. Amma buna baxmayaraq, hər gün onlarca yaralı və şəhid qəbul olunurdu. Texniki işçilərdən tutmuş həkimlərədək hər bir işçi yaralılara kömək edirdi.
    Düzü, bu yükü Məhəbbət həkim vəzifə ilə bərabər qəbul etmirdi. Rayonumuza ilk top mərmisi atılan gündən o, bu işlə məşğul olur, nə qorxu bilir, nə də çətinliklərdən qaçırdı. Yeni vəzifə isə onun mövqeyini daha da möhkəmləndirirdi.
    1992-ci ilin ağır günlərindən biri idi. Məhəbbət həkim azacıq dincəlmək üçün evə gəlmişdi. Qəfil atılan top səsindən diksindi. Tez həyat yoldaşının üzünə baxdı. Akif onu sözsüz başa düşdü.Partlayış səsi xəstəxana tərəfdən gəlirdi. O, heç bir söz demədən həyətdəki maşına yaxınlaşdı. Məhəbbət də artıq hazır idi. Küçəyə çıxanda onlar vahimə içində qaçan qadınları,uşaqları gördülər. Hamı Tərtər çayı üzərindəki körpüdən o tərəfə keçməyə can atırdı. Təkcə Məhəbbətgilin maşını əks istiqamətə, xəstəxanaya tələsirdi. Onlar yaxınlaşanda gördülər ki, yanılmayıblar. Düşmən mərmisi xəstəxananın lap yaxınlığında partlamışdı, çoxlu dağıntılar vardı. Məhəbbət həkim ən əvvəl doğum evinə tələsdi. Bir az əvvəl bura xəstə qadın gətirmişdilər. İndi növbətçi həkim nə qədər çalışsa da, qadın qorxudan özünə gələ bilmirdi. Məhəbbət həkimin gəlişi lap yerinə düşdü. Onun təmkinli hərəkətləri, daxildən gələn möhkəm iradəsi, mehriban sözləri əzab çəkən qadını sanki yenidən həyata qaytardı. Bir azdan partlayış səslərinə dünyaya yeni gəlmiş körpənin səsi qarışdı.
    O illərin daha bir xatirəsi …
    Tərtərdə ilk döyüşlər gedirdi. Atəş səsləri lap yaxınlıqda eşidilirdi. Məhəbbət həkim bu səslərə ikiqat həyəcanla qulaq asırdı. Bir tərəfdən, hamı kimi o da döyüşün nəticəsinə böyük ümid bəsləyir, inanırdı ki, igid döyüşçülərimiz bir addımlığımızda olan düşməni geri çəkilməyə məcbur edəcəklər. Digər tərəfdən, bizimkilərin atdığı hər top onun ürəyində əks-səda verirdi. Axı, bu onun istəkli qardaşı Ədalətin topu idi. Ədalət bu döyüşdən yalnız qələbə ilə qayıtmalı idi. Çünki onun qəlbində düşmənə olan sonsuz nifrət məğlubiyyətə yol verməzdi. Məhəbbət yaxşı bilirdi ki, Ədalət ölümünə razı olardı, amma düşmənin Tərtər torpağına bir addım irəliləməsinə yox.
    Bu düşüncələrdən onu təcili yardım həkiminin səsi ayırdı. O bildirdi ki, əsgərlərimizdən biri ağır yaralıdır, çoxlu qan itirib, onu döyüş meydanından çıxarıb gətirmək lazımdır.
    Növbətçi həkim cavan qız idi. Məhəbbət onun həyəcandan ağarmış sifətinə baxıb dedi:
    – Qorxma, mən özüm də gedəcəyəm. Ancaq ora təcili yardım maşını keçə bilməz. Mənim sürücümü çağır, ləngimək olmaz.
    Bir göz qırpımında onlar meşədə, döyüşçülərin yanında oldular. Başlarının üstündən vıyıltıyla ötüb keçən güllələr çoxillik ağacları qırıb yerə tökürdü. Sürücü ilə həkim qız burda qaldılar. Məhəbbət isə üç döyüşçü ilə irəlidəki qəbiristanlığa tərəf sürünməyə başladı. Yaralı Talıstan Axundov orada idi. Düşmən onları görmüşdü. Gah sol, gah da sağ tərəflərində partlayış eşidilirdi. Onları mühasirəyə alıb əsir götürmək istəyirdilər.
    Elə bu zaman topçu Ədalətə ratsiya ilə xəbər gəldi:
    –Həkim və üç döyüşçü mühasirədədir. Mütləq düşmənin atəş nöqtəsini susdurmaq lazımdır.
    Bu sözləri Məhəbbət də eşitdi və dərindən nəfəs aldı. Axı o, hər an ölümü soyuqqanlılıqla qarşılamağa hazır olsa da, yalnız düşmən əlinə keçməkdən qorxurdu.
    Ədalət isə hansı həkimin mühasirədə olduğunu bilməsə də, onun yalnız Məhəbbət olacağını duymuşdu. Sərrast atəşlərlə erməniləri susdurdu.
    Məhəbbətgil özlərini Talıstana çatdırdılar. Ona ilk yardım göstərib xəstəxanaya gətirdilər. Ancaq nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər. Bircə onunla təsəlli tapdılar ki, Talıstan gözlərini düşmən əhatəsində deyil, öz doğmaları arasında əbədi olaraq yumdu.
    Yalnız döyüş qurtarandan sonra Ədalət bildi ki, mühasirədə qalan və onun xilas etdiyi həkim bacısı idi.
    Bundan sonra harda Ədalətin topu səslənirdisə, Məhəbbət onun arxasınca ora gedir, qardaşına və onun dostlarına yemək aparırdı.
    Ədalət etiraz etmək istəyəndə isə deyirdi:
    –Gələcəyəm, qardaş, atamız sağ olsaydı, o gələrdi.
    Onda Ədalət onu qucaqlayıb demişdi:
    –Sən mənim bacım yox, qardaşımsan. Amma özünü gözlə, ehtiyatlı ol.
    Həmin vaxtlar Məhəbbət xalqının əzabına, dərdinə tab gətirməyib şəhid olmuş atasının nisgilini ürəyində gəzdirirdi. Daha qarşıda onu hansı imtahanlar gözlədiyindən xəbərsiz idi.
    O qanlı-qadalı günlərdə yaralı əsgərlərimizi ilk qarşılayan, əllərinin şəfasıyla, qanıyla onlara yardım göstərənlərdən biri Məhəbbət olurdu. Bəlkə də başqa qadın ürəyi onun gördüklərinə tab gətirə bilməzdi, amma o dözürdü, ürəyindən qanlar axsa da, heç kim bunu hiss etmirdi. Axı, o qədər adamın bu qadının qayğısına, köməyinə ehtiyacı olurdu ki! O ruhdan düşsə, onda Sabir müəllimin qızı, Ədalətin bacısı ola bilməzdi.
    Heyif ki, yüzlərcə insanı həyata qaytaran bir həkim öz qardaşını ölümün pəncəsindən xilas edə bilmədi. Bacı bacarsaydı, öz qanıyla bərabər Ədalətə ürəyini, ciyərini verərdi. Amma insan nə qədər güclü olsa da, ölüm qarşısında acızdi. Atası kimi, Ədalət də son sözlərini ona deyib qucağında gözlərini əbədi olaraq yumdu.
    Bu hadisələr baş verdiyi zaman ailənin kiçik oğlu Evarist Xabarovskda yaşayırdı. Dəfələrlə vətənə qayıtmağa can atsa da, çox yüksək səviyyədə hazırlığa malik olan Evaristi xidməti vəzifəsindən azad etmək istəmirdilər. Lakin artıq heç bir qüvvə onu doğma torpağından ayrı saxlaya bilməzdi. O, Azərbaycana gələn kimi birbaşa Qubadlı rayon polis şöbəsinə rəis təyin olundu.
    Bu zaman ermənilərlə üzbəüz dayanan və hər gün torpağı şəhid qanıyla boyanan Qubadlı həm də fürsətdən istifadə edib varlanmağa can atan daxili quldurların əlində boğulurdu. Evarist bütün qüvvələrini bu ilan yuvasını dağıtmağa yönəldirdi. Onlar da artıq başa düşmüşdülər ki, Evaristi və onun bir neçə dostlarını aradan götürmədən məqsədlərinə nail ola bilməyəcəklər.
    Tərtərdə isə Ədalətin ilinə hazırlıq görən Məhəbbətin gözləri yolda qalmışdı, hamı Evaristi gözləyirdi. Ancaq o, gələ bilmədi. Zəng vurdu, dedi ki, bacı, hər şeyi mən dediyim kimi elə, mən isə gələ bil-məyəcəyəm. Gəlsəm, Qubadlı əldən gedəcəkdir. Apardığım mübarizədə bir addım geri çəkilə bilmərəm.
    Ölüm var, ölüm var. Evaristin başına gələn müsibəti danışmaq mümkün deyil.
    Əlbəttə, kiçik bir qəzet məqaləsində Evarist Paşayevin həyatından yazmaq mümkün deyil. Bacısının qəlbində onunla bağlı çoxlu xatirələr var. Mən inanıram ki, bir zaman bu xatirələrin hamısı yazılacaq və qorunacaq, gələcək nəsillərə çatdırılacaqdır. Bu ailənin faciəsi Azərbaycan xalqının faciəsidir. Bu ailənin mətinliyi, vətənpərvərliyi, düşmən qarşısında əyilməzliyi Azərbaycan xalqının gözəl xüsusiyyətləridir.
    Taleyin zərbələri nə qədər ağır olsa da, Məhəbbət həkim əyilməyib. Daim qəlbində atasının, qardaşlarının arzularını yaşadır.
    Son illərdə düşmənlə üzbəüz dayanan Tərtərin çox dəyişib, gözəlləşməsi, onu da ürəkdən sevindirir. Bu yaxınlarda isə şəhərin yaraşıqlı küçələrindən birinə qardaşı Ədalətin adının verilməsi və burada onun barelyefinin qoyulması sanki yaralı qəlbinə bir məlhəm oldu. Onu yaşadan da bu el məhəbbəti, şəhidlərin unudulmamasıdır.
    Hazırda Məhəbbət xanım Bakıda yaşayır və özəl klinikalardan birində çalışır.
    Müəllifdən: Bu məqalə 2019-cu ildə yazılıb. O vaxtdan bəri həyatımız dəyişib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, şəhidlərimizin qisası alınıb. Zəfərimiz şəhid analarının, bacılarının yaralarına məlhəm olub.
    I Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də Paşayevlər ailəsinin övladları düşmənə qarşı cəsarətlə döyüşüblər. Məhəbbət həkimin qardaşı, I Qarabağ müharibəsi iştirakçısı İlham Paşyevin oğlu Amid bu müharibədə ağır yaralanıb. Həkim deyir ki, Amidin həyatı uğrunda mübarizə apardığı günlərin ağrı-acısını hələ də unutmayıb. Onu da qeyd edək ki, Amid Paşayev torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:56

İsmarıclar bağlıdır.