Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    BU TORPAĞI SEVƏ-SEVƏ QORUYURDU…

    30 ildən bir az çox vaxt ayırır bizi Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun şəhadətə qovuşduğu gündən. Amma elə bil dünən idi o şaxtalı 14 yanvar günü…
    Onun haqqında yazı hazırlamağı redaksiyada mənə tapşırmışdılar. Mən isə bütün tərtərlilər kimi çox həyəcanlıydım. Batalyon komandirinin şəhadətə yüksəlməsi xəbərinin ağırlığı təsirindən çıxa bilmirdik.
    Elman müəllimin iş həyatı gözlərimiz qarşısında keçmişdi. Çox ciddi, tələbkar və savadlı bu insan pillə-pillə ucalırdı tutduğu vəzifələrdə. Sevilirdi sadə insanlar tərəfindən. Rahat iş kreslosunu qoyub batalyon komandiri təyin edilməsi də heç kimi təəccübləndirmədi. Çünki vətənpərvər olduğunu, doğma torpağının hər qarışını necə sevdiyini də yaxşı bilirdik. Tərtərlilərə o da məlum idi ki, düşmən gülləsi ona şəhid olmuş batalyon üzvlərinin nəşini çıxarmağa gedərkən dəyib. Bütün bunları mən də bilirdim, ürəyim sözlərlə doluydu. Amma həyatımda ilk dəfə olaraq qələmim sözümə baxmadı. Onun haqqında yazını hazırlaya bilmədim. Məlumatları toplayıb, o zaman “Xalq qəzeti”nin redaktoru işləyən universitet müəllimim Tofiq Rüstəmova müraciət etdim. Elman Hü-seynov haqqında məqalə bu qəzetdə dərc olundu.
    O vaxtdan bəri dəfələrlə Elman müəllim haqqında qəzetimizdə müxtəlif materiallar verilib, onun döyüş yolu işıqlandırılıb.
    Milli Qəhrəmanımızın həyat yoldaşı Svetlana xanımla bu-dəfəki söhbətim başqa məcrada oldu. Ötən illərin xatirələrini canlandırdıq, ailəsinin onsuz keçən illərinə nəzər saldıq.
    Svetlana xanımın dediklərindən: Bəzən insanın həyat yolunu adi bir təsadüf müəyyən edir, ancaq, yəqin bu təsadüf yox, alın yazısıdır. Mən Tibb Universitetini bitirdikdən sonra təyinatla Ağcabədiyə getməliydim. Ancaq böyük qardaşım başqa rayonda işləməyimə icazə vrmədi. O zamankı rayon partiya komitəsinin birinci katibi rəhmətlik Cavanşir Məmmədovla görüşərək, məni öz rayonumuzda işlə təmin etməsini xahiş etdi. Beləliklə də əvvəlcə rayonumuzdakı sanitar-epidemioloji stansiyada əmək fəaliyyətinə başladım. Bir neçə aydan sonra raykom katibi məni çağırdı, mərkəzi xəstəxanada iş yerinin olduğunu və mənim ora göndərilməyimi bildirdi. O zaman (1980-cı ildə) Elman müəllim də rayon partiya komitəsində işləyirdi. Məni də elə orada görmüşdü. 1980-cı ilin avqustunda evləndik, həmin ilin sentyabr ayında isə artıq onu partiya məktəbinə göndərmişdilər.
    Svetlana xanım deyir ki, Elman müəllimin dünya malında gözü yox idi. Hətta özlərinin yaşamağa evi olmadığı halda, o, ailəsinə verilən 2 otaqlı mənzili 4 övlad anasına bağışlamışdı. Bundan sonra oğlanları Eminin 12 yaşı olanda Elman müəllimin ailəsi çətinliklə 4 otaqlı ev ala bildi. Həyatda ən çox sevdiyi isə səyahət etmək idi. Bir göz qırpımında keçən 13 illik evlilik həyatında haralara aparmayıb ailəsini?! Uşaqlara təbiəti sevdirməyə çalışırdı. Həm Azərbaycanımızın təbiətini, həm də digər yerlərin. Maaşını toplayıb, ildə bir dəfə ailəsini Krıma aparırdı. Özü də maşınla səyahət etməyi xoşlayırdı.Yolboyu yorulmaq nə olduğunu bilmirdi, çünki gözəllik vurğunuydu. Meşələrə, dağlara, dənizə baxmaqdan zövq alır, doymurdu. Sanki bilirdi ki, ömrü çox qısa olacaq, elə hey tələsirdi…
    İstirahət günlərini evdə keçirmək istəmirdi, – deyir Svet-lana xanım. –Bizi maşına yığıb, bir az yemək-içmək götürüb, aparırdı Sərsəng Su Anbarının ətrafındakı meşələrə. O, hər ağaca, hər çiçəyə bir möcüzə kimi baxır, uşaq kimi sevinirdi. Doğma təbiətə, torpağımıza olan məhəbbətini uşaqlarına da ötürməyə çalışırdı.
    Müharibə başlayanda, tabeliyində olan zabit və əsgərlər onun bu yerləri necə tanıdığına təəccüblənirdilər. O isə cavabında deyirdi:
    –Qarabağımızı qarış-qarış gəzmişəm. Buranın hər çiçəyinə, daşına bələdəm.
    Svetlana xanımın söhbətindən:
    –Mən xarıbülbül çiçəyini çox sevirdim. Elman müəllim isə tez-tez Şuşaya gedirdi. Hər dəfə əlində çiçək gələndə, bilirdim ki, o, Şuşada olub. Bəzən inciyirdim ki, niyə bizi də aparmamısan? Deyirdi, aparacağam, o yerlərə o qədər gedəcəyik ki… Sonuncu dəfə biz Şuşada olanda, artıq vəziyyət pisləşmişdi. Yollara rus əsgərləri nəzarət edirdilər. Elman müəllim maşını ağlagəlməyən yollarla sürüb, bizi salamat evimizə çatdırdı. Mən həyəcanlandıqca, deyirdi narahat olma, bura bizim öz torpaqlarımızdır, onlar bizə heç nə edə bilməzlər.
    Milli Qəhrəmanımızın daxili aləminin zənginliyində uşaqlıqdan dost olduğu kitablar böyük rol oynamışdı. Atasını çox tez itirən Elman müəllim həyatda rast gəldiyi bir çox sualların cavabını məhz kitablarda axtarırdı.
    O, həddindən artıq səliqəli insan idi. Hətta döyüşdən evə qayıdanda belə heç kim hiss etməzdi ki, hansı çətinliklərdən keçib gəlib. Hərbi geyimi səliqəli, özü isə təmkinli və qürurlu olardı. Sanki hardansa maraqlı bir gəzintidən qayıdırdı. İki dəfə yaralananda da təmkinini pozmamışdı.
    –Svetlana xanım, həmin günü, yanvarın 14-nü necə xatırlayırsınız?
    –Adi bir gün idi. Hərbi formasını yuyub, ütüləmişdim. Həmişəki kimi hazırlaşdı. Eminə dedi ki, avtomatını aparıb maşına qoysun. Qarşıdakı döyüş barədə heç nə demədi… Günorta saatlarında sürücü gəlib bizə dedi ki, kəndə, Qaraqoyunluya getməliyik…
    * * *
    Bu məqaləni hazırlayarkən Azərbaycan Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibovla görüşüb, onun da Elman Hüseynov haqqında xatirələrini dinlədim. Suliddin müəllim dedi:
    –Unudulmaz komandirlərimiz Elman Hüseynov və Vəzir Orucov biz döyüşçülər üçün qəhrəmanlıq təcəssümü idi. Elman müəllimlə birlikdə 7 uğurlu döyüş əməliyyatında iştirak etmişəm. Bacarıqlı komandir idi, xəritəni gözəl bilirdi. Vətənpərvərliyi, qorxmazlığı hər birimizə sirayət edirdi. Elman müəllim, Vəzir Orucov olan yerdə bizdə ölüm anlayışı yox idi. Yüksəklikləri bir-bir aldıqca irəli can atırdıq. O illərdə biz yalnız torpaqlarımızın azadlığı barədə düşünürdük. Elman müəllimdə qəribə bir xüsusiyyət vardı. Hisslərini heç vaxt biruzə vermirdi. Ucadan gülmürdü. Amma biz qələbə qazananda gözlərinə baxmaq kifayət idi ki, necə sevindiyini görəsən.
    * * *
    Elman Hüseynovun övladları Emin, Lalə və Nərgiz böyüyüblər. Üçü də ali təhsil alıb, ailə qurub. İndi özlərinin övladları var. Dövlətimiz tərəfindən ailəyə Bakı şəhərində üçotaqlı ev verilib.
    Aviasiya Akademiyasını bitirən və “Yaşat” Fondunda şöbə rəhbəri işləyən Emin Hüseynov deyir:
    –Tale bizə çox az atalı illər yaşamağı qismət elədi. Ancaq bir gün də özümüzü atasız hiss etməmişik. Düzdür, çətin olub, ağır olub, ancaq atamızın 41 illik ömrünün nuru hər birimizin həyat yolunu işıqlandırıb. Belə bir insanın övladı olduğumuz üçün fəxr edirik.
    Elman Hüseyov qəhrəman Tərtərin və bütövlükdə Azərbaycanın tarixində izi olan qəhrəman oğullardan biridir. Rayonumuzda onun adını daşıyan küçə var, burada qəhrəmanın büstü qoyulub. Büstün ətrafı daim gül-çiçəklə dolu olur. Buradan keçən insanlar qəhrəman batalyon komandirinin əziz xatirəsini minnətdarlıqla yad edirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:11

İsmarıclar bağlıdır.