Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada körrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Vətəndaşlar bu növ cinayətkarlıqla, onun mütəşəkkil növləri ilə mübarizədə dövlət orqanlarına dəstək verməlidirlər.
Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müzəffər sərkərdə, yeni dövrün yeni lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlət, sosial-yönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsi-yasının inamla reallaşdırılması Şərqlə Qərbin qovşağı olan Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrilməsini təmin etmişdir. Məhz, dövlət başcısı cənab İlham Əliyevin bu istiqamətdə ötkəm və prinsipiallığı təqdirəlayiqdir.
Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına cevrilirlər. Qanunvericiliyimiz korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir. Dünya təcrübəsindən belə qənaətə gəlmək olar ki, korrupsioner vəzifəli şəxslərin sayı və dairəsi çoxaldıqca, bu qəbildən olan faktların aşkar olunması məsələsi də çətinləşir. Bu baxımdan vətəndaşlar əldə etdikləri məlumatların ötürülməsində prinsipial və maraqlı olmalıdırlar.
Hazırda Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər əhəmiyyətli səviyyədə həyata keçirilməklə, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması səmtində çox iş görülməkdədir. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri iqdisadi sahədə aparılan islahatları tamamlamış, dayanıqlı iqdisadi inkişaf üçün yeni imkanlar yaradılmışdır. Korrupsiyaya qarşı mübarizə və bu problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqaməti kimi antikorrupsiya islahatlarının innovativ xarakter daşıması ilə yadda qalır. Korrupsiyaya qarşı beynəlxalq standartlara cavab verən genişmiqyaslı institusional islahatlar aparılmışdır.
Belə ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2022-ci il ərzində 339 şəxs barəsində 240 cinayət işinin ibtidai istintaqı tamamlanmışdır. İstintaqı tamamlanmış cinayət işlərindən 285 şəxs barəsində 209 iş baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Həmin işlərdən 3-ü üzrə, həmçinin 27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbəri məhkəmə məsuliyyətinə verilmişdir
Avropa Şurasının «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» Konvensiyasında isə korrupsiyanın anlayışı: “Bu Konvensiyanın məqsədləri üçün «korrupsiya» dedikdə, hər hansı vəzifənin normal yerinə yetirilməsini, yaxud da rüşvəti, qeyri-qanuni üstünlüyü və ya bu barədə vədi alandan tələb edilən davranışı pozan rüşvətin və ya hər hansı digər qeyri-məqbul üstünlüyün və ya bu barədə vədin birbaşa və ya dolayısı ilə istənilməsi, təklif edilməsi, verilməsi və ya alınması başa düşülür”.
Bir çox hallarda korrupsiya və rüşvətxorluq eyniləşdirilir. Lakin bəzi normativ aktlarda və beynəlxalq təşkilatların tövsiyəvi xarakterli nəşrlərində rüşvətxorluq korrupsiyanın yalnız bir növü kimi aydın göstərilir. Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 33-cü fəsli “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” adlanır.
Həyata keçirilən monitorinqlərin nəticəsində məlum olur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlər səmərə verməkdə davam edir. Bununla belə rüşvət verməyə görə məsuliyyətə cəlb olunmuş şəxslər də kifayət qədər çoxdur. Göründüyü kimi vətəndaşların rüşvət verməyə meyli hələ də az deyil. Bu çox ciddi faktordur və korrupsiyanı doğuran səbəblərdəndir. Vətəndaşlardan gələn rüşvət təklifi bu sahə ilə mübarizədə vətəndaş təşəbbüslərinə ciddi ziyan vurur. Korrupsiya hallarına qarşı çıxmaq əvəzinə vətəndaşların bu cinayətin iştirakçılarına cevrilməsi dövlətin cinayətkarlıqla mübarizə siyasətinə zərər vurur. Bu səbəblə “Korrupsiyaya yox!” deməklə cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparılmasına daim çalışılmalıdır.
Məhəmməd Mahmudov,
Tərtər rayon prokurorunun böyük köməkçisi, III dərəcəli hüquqşünas