2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilərkən andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev deyib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
O zaman növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən bir çox amillər vardı. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. 2018-ci ilin seçki marafonunda 8 namizəd iştirak etmişdir.
2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
2018-ci ilin Prezident seçkiləri zamanı Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.
2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu illər ərzində Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb.
İqtisadiyyatın neft-qaz sektoru inkişaf edib. 2003-2018-ci illər ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub.
2003-2018-ci illər eyni zamanda Azərbaycan Ordusunun, yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf edən dövrüdür.
Ölkənin su təchizatı yaxşılaşdırılıb. 2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır.
Kənd təsərrüfatının inkişafına xidmət edən böyük meliorasiya layihələri icra olunmuşdur. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.
İdman uğurları artıb. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir.
Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.
Son 10 ilin fundamental nailiyyətləri
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.
Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuşdur.
Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmiş və qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli böyümüşdür.
İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artmış, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil etmişdir. Qeyri-neft/qaz ixracın 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatmışdır.
Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir. Ölkənin mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyədədir. Yerli istehsal potensialı ilə yanaşı, ölkədə ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da ölkəmizin ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təbii resursların çatışmazlığına görə idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması ölkənin ərzaq təhlükəsizliyini stabil şəkildə təmin etməyə imkan verir.
Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır.
Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Qlobal və daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə də, 2011‒2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artmışdır.
Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur.
Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək vermişdir.
İqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır. Bu dövrdə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artmışdır. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılmışdır.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir.
Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir. Son 10 ildə aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1%-dən 4,8%-dək azalmışdır. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2%-dək artsa da, 2021-ci ildə 5,9%-ə enmişdir.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsil keyfiyyətinə müsbət təsir göstərmişdir.
Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır. 2003‒2021-ci illərdə 3400-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir ki, bu da bütün məktəblərin 76%-ni təşkil edir. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkələr sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir.
Keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı yaxşılaşmışdır. Nəticədə, ölkədə ana və uşaq ölümü göstəriciləri azalmış, doğulanda gözlənilən ömür uzunluğu və gözlənilən sağlam ömür uzunluğu isə artmışdır. COVİD-19 pandemiyasına qədər ana ölümü hər 100000 nəfər diri doğulana 14,9, körpə ölümü hər 1000 nəfər diri doğulana 11, beş yaşa qədər uşaq ölümü 13, gözlənilən ömür uzunluğu 73,2 yaş təşkil etmişdir.
Ən böyük nailiyyətimiz isə Prezident İlham Əliyevin bu müddətdə qazandığı xalq məhəbbəti, onun həyata keçirdiyi bütün planların ölkə vətəndaşları tərəfindən dəstəklənməsidir. Vətən müharibəsində bizə qələbə qazandıran da bu möhtəşəm birlik oldu.