Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Apr

    SƏHİYYƏNİN İNKİŞAFINA QAYĞI VƏ DİQQƏTİ SONSUZ İDİ

    Böyük Allahın adıyla vətənimdə Bahar bayramı və Ramazan ayının qovuşduğu müqəddəs gündə–martın 23-də Tərtər Rayon İcra Hakimiyyətindən Svetlana Əzizova mənə zəng edib bildirdi ki, Tərtər rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvətlisiniz.
    Martın 25-də sübh namazından sonra böyük bacımın oğlu Vahid, qardaşım mərhum Akifin ( ruhu şad olsun) həyat yoldaşı Məhəbbət və mən Tərtərə yola düşdük.
    Mənim Tərtərə bu gedişim bambaşqa idi, əvvəlkilərdən fərqli olaraq bu, rəsmi dəvət idi. Yolu qəlbimdə böyük qürur hissi ilə gedirdim. Anadan olduğun bir şəhərdə səni valideynlərinin ruhları, doğmaların, əzizlərin, dostların gözləyir və bu gün sən rayona dəvət olunmuş ziyalılar arasındasan.
    Tərtərə yaxınlaşdıqca həyəcanım artırdı. Körpünü keçib, şəhərə daxil olduq. Tanış insanlar, mehriban sifətlər. Ah! Bu nə qədər əvəzsiz və gözəldir. Rayon İcra Hakimiyyətinin möhtəşəm yeni binası qar-şısında bizi mehribanlıqla İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zabil Paşayev qarşıladı. Uzaqdan gələn bir xanım diqqətimi çəkdi. Bu, mərhum atamın dostu, mərhum Həsənəli dayının qızı Fitat xanım idi. Doğma balalar bir-birinə sarıldı. Ataların ruhları şad olsun! Onlar xoş xatirələrlə yada salındı.
    İcra hakimiyyətində Svetlana xanım dəvət olunmuş qonaqları bir-biriləri ilə tanış etdi və, nəhayət, Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov bizi öz otağında qarşıladı. Qeyd edim ki, azərbaycanlı harda varsa, onun qəlbi geniş, süfrəsi açıq olur.
    İcra başçısının səmimi, sadə davranışı diqqətimdən yayınmadı.
    Çay süfrəsi arxasında səmimi söhbətlər başladı. Tərtərin bu günü , dünəni və gələcəyi haqqında hər kəsin fikri səsləndi. Söhbətdə İcra başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Akademik Vaqif Abbasov, Azərbaycanın Xalq şairi Vahid Əziz, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert, jurnalist İlham İsmayıl, İqtisad Universitetində Tarix elmləri doktoru Vəkil Həsənov, Filologiya üzrə fəlsəfə doktoru İlahə Əliyeva, həkim, şəhid bacısı Məhəbbət Paşayeva, Azərbaycanın Xalq artisti Teyyub Aslanov, yazıçı-jurnalist Vəli İlyasov, bəstəkar Elçin Atayev, şairə Səidə Əşrəfqızı, “İlahiyyat” jurnalının baş redaktor müavini Rəhilə Misirxanlı və mən iştirak etdik.
    İcra başçısı cənab Müstəqim Məmmədovla birlikdə böyük şəxsiyyət olan Heydər Əliyevin abidəsi önünə qızıl güllər qoyduq, Şəhidlər Xiyabanını ziyarət etdik. İcra hakimiyyətinin akt zalında bizi rayonun ziyalıları, ata-analar, ən başlıcası, sinələrini qəhrəmanlıq atributları ilə bəzəmiş qazilər gözləyirdi. O qazilər ki, torpaq uğrunda canı və qanı bahasına vuruşublar. Öz payıma deyirəm. Qazilərdən öndə oturmaqdan utandım. Dönüb onlara baxdım, üzr istəyib əyləşdim.
    O körpə qəhrəmanların simasında nələr gördüm. İlahi, biraz boylu-buxunlu, bir də cəsur duruşlu, həm qartaltək, həm də yorğun baxışlı əsgər balalar, qazi balalar. Sinənizi bəzəyən o təltif atributları Sizin kimi qaliblərin köksü üzərində olduqları üçün qiymətlidir. Çünki o köksün altında Vətən torpaq, namus, qeyrət, ismət, həya üçün döyünən ürəklər var. O damarlardan torpağı işğaldan azad edən müqəddəs qan axır. Sizlərin vəsfinə nə qədər dastanlar yazılsa, mahnılar bəstələnsə, romanlar yazılsa, yenə də azdır. Tanrı sizləri qorusun !!!
    Konfransın rəsmi hissəsi başlandı. Hər birinin ölkəmizin həyatında özünəməxsus yeri olan akademik, professor, yazıçı, şair, dövlət qulluqçusu, bəstəkar, dilçi, jurnaist, həkim və digər sahələrin ziyalıları icra başçısının çıxışından sonra tribunaya dəvət olundular.
    Böyük şəxsiyyət Heydər Əliyev haqqında hər birimiz özümüzə məxsus şəkildə fikirlərimizi səsləndirdik.
    Ah, nə gözəldir qalib torpaqda keçmişə, bugünə nəzər salmaq, gələcəyin böyük planlarından söhbət açmaq. Çıxış edənlərin simasında bir sevinc, sözlərində xoşbəxtlikdən titrəyiş vardı.
    İnsan həyatının elə bir sahəsi olmaz ki, orada Ümummilli Liderin müdrikliyi, uzaqgörənliyi, dönməzliyi, əzmkarlığı öz ifadəsini tapmasın.
    Alqış və ruhları şad olsun bu dühanı dünyaya gətirən valideynlərə! Ruhları qarşısında baş əyirik!
    Çıxış edənlərin əksər hissəsi bədahətən öz fikirlərini səsləndirdilər. Çünki Heydər Əliyev mövzusu o qədər zəngin, o qədər çoxşaxəlidir ki, insanlar onun haqqında olduqca sərbəst öz fikirlərini ifadə edirlər.
    Mənim də çıxışm bədahətən oldu. Yaddaşımda qalanları yenidən xatırlayıram.
    Sözümü belə başladım: Bu gün elə xoşbəxtəm ki, mən tərtərliyəm. Tərtər çayı sahilində sadə mühəndis ailəsində yaşamışam. 10 yaşında sözünün ağası olan bir atanı itirmişəm. Heç yerdə bənzərini tapmadığım, mənim üçün uca yaradandan sonra səcdə yeri olan müdrik bir Həcər anadan həyat dərsi almışam. Dahi bir müəllimdən–Sabir Paşayev kimi saf və müqəddəs bir müəllimdən dərs almış bir şagirdəm. Şəhər 2 №-li orta məktəbi medalla bitirmiş bir şagird. Mən bir azərbaycanlıyam. Bütün həyatım boyu özümə örnək seçdiyim bir dühadan–Heydər Əliyev dühasından bəhrələnən bir həkim, bir azərbaycanlı, bir vətandaşam–sadə bir tərtərliyəm.
    Birinci Qarabağ müharibəsindən sonra oxuduğum məktəbdə görüş üçün dəvət almışdım. Düzünü deyim, müharibənin vətənimin, xalqımın həyatına vurduğu yaraların ağrısı o qədər dərin idi ki, özümü xoş ovqata kökləyə bilmədim və mən o görüşə getmədim.
    Ancaq bu gün, bu müqəddəs gündə bütün ruhumla, həyəcanımla qarşınızdayam.
    “Heydər Əliyev və Azərbaycan səhiyyəsi.” Mövzu olduqca böyük, çoxşaxəlidir. Mən Heydər Əliyevin hakimiyyəti dövründə Tibb İnstitutunda oxumuşam, onun dövründə həkimlik fəaliyyətinə başlamışam. İnstitutu bitirəndə rektoratda aparılan təyinat mərasimində mənim də institutda qalmağım məsləhət bilindi. Rektor Zəhra Quliyeva və prorektorumuz Yaqub müəllim mənim etirazıma qəribə baxdılar. “Çox sağolun etimadınıza görə. Ancaq mən öz rayonumuza – anamın məsləhətinə əsasən işləməyə getmək istəyirəm,”– dedim.
    Haşiyə: Üçüncü kursda oxuyarkən anama dedim ki, sənin istəyinlə həkim oldum. (Atam həkim səhlənkarlığından dünyasını dəyişmişdi. Mən orta məktəbi medalla qurtaranda anam mənim həkim olmağımı istədi. Mən riyaziyyatçı, ya da hüquq işçısı olmaq istəyirdim. Nəslimizdə həkim yox idi. Bu peşə haqqında təsəvvürüm bəsit idi. Anamın sözü mənim üçün qanun idi.)
    Ancaq ixtisasca cərrah ol-maq istəyirəm və bu ixtisası seçmək üçün məni orta Asiyaya da göndərsələr, gedəcəyəm. Anam:
    –Eybi yox, gedərsən, yeddim çıxandan sonra qayıdar-san, – dedi.
    Çox gözlənilməz və ağır tələb qarşısında qaldım. Anamın arzusu ilə təyinatımı rayona aldım. Ancaq yenə də müəllimlərim mənə öz tövsiyələrini verdilər: “Tərtərə yox, Bərdəyə göndəririk səni. Orada cərrah kimi inkişafına yaxşı şərait olacaqdır. Böyük, qabaqcıl pambıqçılıq rayonudur və ştatda boş yer var.”
    Bundan sonra televiziyada mənim kafedrada qalmayıb, pambıqçılıq rayonunu seçməyim barədə çəkiliş etdilər.
    Xəbərlərdə bu əhvalatı görüb, eşidən həmyerliləmiz anamın yanına gəlib ( Anam o zaman çörək mağazasında satıcı işləyirdi.): “Həcər bacı, sən niyə qızının kafedrada qalmasını istəməyibsən?”–deyiblər. Anam cavab verib ki, o mənə cərrah olmaq üçün başqa respublikaya da göndərilsə gedəcəyini demişdi. Mən haradan biləydim ki, onu institutda saxlayacaqlar.
    Təyinatla Bərdəyə gəldim. Həkimlik fəaliyyətim dövründə səhiyyə şöbəsinin partiya təşkilatı katibi, MRX-nin müalicə işləri üzrə müavin işlədim. İşlədiyimin 5-ci ilində Eksperimental Cərrahiyyə İnstitutuna yığıncağa dəvət aldım.
    Ölkədə kadr yetişdirmə siyasəti həyata keçirilirdi. Universitetlərə yeni qəbul olmuş əlaçı tələbələr Sovet İttifaqının başqa şəhərlərinə, əsasən də Moskvaya göndərilirdi. Ölkədə anesteziologiya-reanimatologiya yüksək səviyyədə deyildi. Rəhmətlik professor Zərgərlinin apardığı seçimdən sonra mən də gənc həkim kimi cərrahiyyə və anesteziologiyanın dərin sirlərini öyrənmək üçün Xarkov Kliniki Eksperimental Cərrahiyyə İnstitutuna göndərildim. Məni qrup rəhbəri təyin etdilər. Altı nəfərdən ibarət cərrah qrupu ilə Xarkova yola düşdük. Haşiyə: Bakıdan Faiqə, Sumqayıtdan Əbülfət, keçmiş Əlibayramlı şəhərindən Ədalət, Masallıdan Əliniyaz, İmişlidən Ənvər və Bərdədən mən idim göndərilənlərin arasında.
    Xarkovdakı təhsil bizim üçün yeni meydanlar açdı. Ancaq kirayədə qaldığımız evin sahibəsinin bir sözü məni başqa cür ayıltdı. “Artıq türklər də Siyasi Büroya ayaq açdılar,”-dedi o qadın.Bu sözlərdə qısqanclıq hissini dərhal duydum.
    O zaman Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adı almışdı.
    Bərdədəki fəaliyyətim dövründə rayona  Rüstəm Səfərəliyev kimi ağsaqqal rəhbərlik edirdi. Rayonda beşmərtəbəli yaşayış binası, yeni mədəniyyət sarayı və 1000 çarpayılıq doğum evi tikilməli idi.
    Yuxarılar buna icazə vermirdi. O tikintilərin hansı siyasətlə ərsəyə gəlməsinin şahidi oldum. Pambıqçılıq rayonunun və Qarabağın o zamanlar yeganə qadın cərrahı olduğum üçün ,gənc mütəxəssis kimi mənə də ilk beşmərtəbədə birotaqlı mənzil verildi.
    Mən belə görmüşəm Ulu Öndərdən səhiyyəyə, gənc kadrlara olan münasibəti. Heydər Əliyev şəxsiyyəti haqqında danışmaq həm asandır, həm də olduqca məsuliyyətlidir. Asandır ona görə ki, yaradan, quran, böyük ideallarla yaşayan bir insan idi.
    Çətindir ona görə ki, biz hələ bu dahinin uğurlarını hansı çətinliklərlə əldə etdiyini bilmirik. Böyük şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi : “ İnsan göydə ay kimidir. Görünməyən tərəfi var.”
    Mənim üçün Heydər Əliyev şəxsiyyəti ona görə nümunədir ki, o sadə, zəhmətkeş bir ailənin övladı olaraq ağlı, zəkası, adi duruşu, səbri, təmkini ilə bir ailənin oğlu məvhumundan çıxaraq, milyonların örnək götürəcəyi şəxsiyyətə çevrilmişdi.
    Mən 44 günlük İkinci Qarabağ müharibəsinin hər anını yaddaşıma köçürmüşəm. Millətin və Prezidentin birliyini yazılarla, rəsmlərlə əbədiləşdirmiş 44 günlük müharibənin qələbəsi biz qadınların üzündən qara ləkəni götürdü. Bizim oğulların dişləri, dırnaqları ilə dirmaşdığı Şuşa qalasını ziyarət etdim. Balalarımızın qanı çilənmiş torpağa baş əydim. Bu gün ağıllı, uzaqgörən siyasətin nəticəsi və müzəffər ordumuzun əzmkarlığı sayəsində biz azad ölkənin vətandaşlarıyıq.
    Rəsmi hissədən sonra Suqovuşana yola düşdük. Hava gözəl, ətrafda yazın nəfəsi, qəlbimizdə fərəh . Suqovuşana yeni köçürülmüş ailələrlə görüşdük, çay süfrəsi arxasında keçmişdən , bu gündən , gələcəkdən söhbət etdik. Hər kəs kimi mən də öz arzumu bildirdim.
    Hər iki Qarabağ müharibəsində ailəmlə birgə ordumuza, həmvətənlərimizə ürəyimizdən keçən köməklikləri etmişik. İndi isə vaxtaşırı olaraq bu yerlərə gəlmək, əhalinin tibbi müayinəsini könüllü şəkildə aparmaq, onlara mənəvi dayaq olmaq istəyrəm. Sadə bir həkimin əlindən gələn yalnız bu ola bilər.
    Sağalmayan yaraları göz yaşımla yuyuram. Şəhid qanı düşən yerə mən başımı qoyuram.
    (Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda keçirilən elmi-praktik konfransda rayon ziyalılarını bir araya topladığı üçün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədova öz təşəkkürümü bildirirəm.)

    Sona ƏSGƏROVA,
    STMED Klinikasının rəhbəri,
    Tibb üzrə fəlsəfə doktoru

    Müəllif: Redaktor, 11:19

İsmarıclar bağlıdır.