Heydər Əliyev təkcə siyasi xadim deyil, həm də bir xalqın kimliyinin və mədəniyyətinin formalaşmasında dilin əhəmiyyətini dərk edən vizyon rəhbəri idi. O, fəaliyyəti boyu Azərbaycan dilinin istifadəsinin təşkili və ölkənin dil müxtəlifliyinin qorunması istiqamətində yorulmadan çalışmışdır.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqilliyə nail oldu və suveren dövlətə çevrildi. Onun prezident kimi ilk addımlarından biri də Azərbaycan dilinin ölkənin dövlət dili olması idi. Bu qərar Azərbaycan xalqı arasında milli kimlik hissinin güclənməsində həlledici əhəmiyyət kəsb edirdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanını Heydər Əliyevin uğurlu dil siyasətinin fundamental yekun sənədi adlandırmaq olar. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda deyilir: “… Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Bu vətəndaşlıq borcunun necə, hansı miqyasda həyata keçirilməsinin ən gözəl nümunəsini Ümummilli liderimiz Heydər Əliyev göstərib və bu gün də göstərməkdədir. Dilimizin ən qədim tarixinə obyektiv elmi-tarixi qiymət verən, Azərbaycan dilinin türk köklü müstəqil dil olmasını bir daha təsdiqləyən, onun əsas təkamül mərhələlərini, inkişaf yollarını dahiyanə bir müdrikliklə, elmi-nəzəri əsaslarla izləyərək son söz deyən, rəsmi dövlət münasibəti bildirən bu fundamental tarixi sənəd Ulu Öndər Heydər Əliyevin dil siyasətinin uğurlar miqyasını daha da genişləndirdi.
Eyni zamanda, Heydar Əliyev Azərbaycanda azsaylı xalqların dillərinin qorunmasına sadiq idi. O, müxtəlif etnik qruplar arasında tolerantlıq və anlayışın təşviqində dil müxtəlifliyinin əhəmiyyətini dərk edərək dolğun bir dil siyasəti strateji planını da qurmuş və bu istiqamətdə düzgün addımlar atmışdır. Bu məqsədlə o, ləzgi, talış, avar kimi azsaylı dillərdə təhsil proqramlarının hazırlanmasına dəstək verdi.
Yüksək intelektə malik siyasətçi-lider Heydər Əliyev həmçinin beynəlxalq əməkdaşlığın inkişafı və Azərbaycanın qlobal səhnədə özünəməxsus yer tutması üçün xarici dillərin öyrənilməsinin vacibliyini də başa düşürdü. O, sürətlə dəyişən dünyada çoxdilliliyin dəyərini dərk edərək, ingilis, rus, alman, fransız və digər dillərin öyrənilməsini təşviq edirdi.
Bu gün Azərbaycan Heydər Əliyev irsindən bəhrələnməkdə davam edir. Ölkədə canlı ədəbi-mədəni səhnə var. Azərbaycan və azsaylı dillərdə zəngin və rəngarəng səslər var. Bununla yanaşı, Azərbaycan beynəlxalq aləmdə mühüm dövlətlərdən birinə çevrilib. Bir çox gənclər çoxlu dillərdə səlis danışıq aparır, müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla əməkdaşlıq etmə imkanına malikdir.
Heydər Əliyevin Azərbaycanda dillərin qorunub saxlanmasına və inkişafına verdiyi töhfələr ölkənin mədəni, ictimai-siyasi həyatına davamlı təsir göstərib. Onun irsi milli mənlik şüurunun formalaşmasında, müxtəlifliyin və tolerantlığın təşviqində, qlobal miqyasda ünsiyyət və əməkdaşlığın təmin olunmasında dilin əhəmiyyətini xatırladır.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.” Bu kamil ifadəyə əsaslanaraq qeyd etmək lazımdır ki, Ana dilimizi qoruyaraq, daim istifadə edərək milliliyimizi, mənəvi dəyərlərimizi yaşadaq, inkişaf etdirək. Ana dilimizə söykənərək xarici dillərin öyrənilməsini də unutmamalıyıq, çünki 44 günlük II Qarabağ müharibəsi dövründə məhz Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev beynəlxalq arenada səlis xarici dil daşıyıcısı kimi öz çıxışları ilə buna bariz nümunə oldu, döyüş meydanında, eyni zamanda dünya siyasət meydanında kəskin, aydın cavab və arqumentli ifadələrlə xalqını dünyaya tanıtdı, haqlı tərəf olduğunu sübüt etdi və Qarabağ zəfərini bizlərə bəxş etdi.
İlahə ƏLİYEVA,
Filoloğiya üzrə fəlsəfə doktoru