Bu fikirlə yolumuzu Qaradağlı kəndindən saldıq. 30 ildən sonra mənfur erməniyə öz həddini göstərən Azərbaycan Ordusunun qəhrəman oğullarından biri–şəhid Hüseynov Aslan Malik oğlunun ocağına ikinci dəfə üz tutdum. İkinci dəfə İradə ana ilə Malik atanın oğul yolu gözləyən qapısını döydüm, şəhidimizin həyat yoldaşı Gülstan xanım və övladları Aysu və Kənanla üz-üzə, göz-gözə dayandım. Bu ikinci görüşümdə bəzi dəyişikliklərin şahidi oldum. Aslanın şəhid olmasından 2 il yarım keçməsinə baxmayaraq, ata-anada sanki bir az səbir duydum və buna daxilən sevindim. Sözsüz ki, bu səbrin arxasında Aslanın qoyub getdiyi yarımçıq arzulu həyat yoldaşı – evin gəlini Gülstan və qəhrəman oğulun yadigarları, gözləri dolusu atalı arzularını həyata keçirə bilmədiyi övladları –nəvələri Aysu və Kənandır. Ata-anaya verdiyim sualın cavabı da bu fikirlərimi təsdiqlədi.
Aslan bu gün düşmənin göz dağına çevrilmiş, azad olunduqdan sonra bərpa və yenidən qurulması ilə diqqət çəkən Suqovuşanın azad olunması uğrunda şəhid olub. Raket start qurğusunun operatoru kimi SPAYK adlı silahla sentyabr ayının 27-də düşmənə qarşı döyüşə atılmışdı. Dostu, silah və döyüş yoldaşı Ruslan Şahbazovla birlikdə ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Öz silahları və döyüş bacarıqları ilə döyüşən bu oğullar əsil fədakarlıq göstərib ermənilərin və onların döyüş texnikalarının məhvinə, sıradan çıxarılmasına nail olublar. Hər bir əməliyyatın sonu uğurla nəticələnəndə, döyüş yoldaşlarının və komandanlığın fəxrinə çevriliblər. Lakin Aslangilin döyüşü çox çəkməyib. Vətən uğrunda müharibənin 3-cü günü–30 sentyabr 2020-ci il tarixdə döyüşdə qəhrəmancasına şəhid olublar. Aslan kimi oğullarımızın döyüşləri kimi arzuları da yarımçıq qalıb.
Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş bütün oğullarımız sonsuz məhəbbətlə anılaraq yad edilirlər. Onu da bildirim ki, Aslan Hüseynov Aprel döyüşləri zamanı da əsil igidlik göstərmişdir. Bunu Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş “Azərbaycan bayrağı” ordeni və aşağıdakı medallar da təsdiqləyir: “Müharibə veteranı”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”.
Qəhrəman döyüşçümüzün həm ailəsinə, həm də xalqa əmanət qalan iki ciyərparası– Aysu və Kənanı var. Onlar hər bir qayğı ilə əhatə olunublar. Aysu 4-cü, Kənan isə 2-ci sinifdə oxuyurlar. Ataları Aslanı qəhrəman ata kimi xatırlayırlar. Kövrək duyğularında yer alan fikirlərini gizlin vərəqlərə köçürüb saxlayırlar.
Şəhid Aslanın övladları üçün yeni evin tikilməsinin də şahidi olduq. Lakin hələlik atası Malik, anasi İradənin himayəsində yaşayırlar. İradə ana kövrək səslə bildirdi ki, Kənan hələ çox kiçikdir, onsuz da onların evidir, gərək çağıran olanda qapıya çıxsın, hələ tezdir. Həm də onlardan ayrı yaşaya bilmirik. Gəlini gəlin kimi yox, qızımız bilirik. Ona görə gəlin də, uşaqlar da bizimlə yaşayırlar. Aysu da, Kənan da məktəbə Malik babaları ilə gedib-gəlirlər. Onlar rayon rəhbərliyi, məktəb və rayonun digər kollektivləri tərəfindən tez-tez axtarılıb, ziyarət olunurlar, qayğıları və ehtiyacları təmin edilir. Hazırda Kənanın təhsil aldığı sinfə atasının adı verilib. Onu da bildirim ki, şəhidin adı əbədiləşdirilərək şəhərin küçələrindən birinə verilib.
Qəhrəman şəhidimizin valideynləri rayon rəhbərliyinin və dövlətimizin şəhid ailələrinə göstərdikləri qayğıdan razı qaldıqlarını, buna görə minnətdar olduqlarını bildirdilər.
Elfuzə VƏLİYEVA