Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Mar

    Yurdumuza Bahar gəlir! Vətənimizin hər yerində yazın gəlişi Günəşin bərq vuran işığında, qəlblərə hərarət gətirən ilıq, isti nəvazişində bir daha duyulmaqdadır. Sanki təbiət də bu gün şıltaqlığına, ərköyünlüyünə son qoymuşdur. Ağacdan-ağaca qonaraq oxuyan quşların nəğməsi, ağ örpəyə bürünən meyvə ağacları və bu çiçəklərin üstündə həvəslə vızıldaşan bal arıları insanın ruhuna bir yenilik, bir sevinc gətirir.
    İlin ən gözəl fəslidir Bahar. Bu fəsil gözəllik fəsli, xoş əhval-ruhiyyə fəslidir.
    Baharın ilk gününü xalqımız sevinclə, bayramla qarşılayır. Təbiətin oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli şəkildə qeyd edir.
    Novruz “yeni gün” deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ 1 ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir.
    Novruzda növbənöv bayram şirniyyatları bişirilir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə çevrilir. Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin yaşıllığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, firavanlığa işarədir. Bayramın ən ləziz təamı isə plovdur. Hər evdə bayram gecəsi hökmən plov bişirilir, qohum-qonşuya, kimsəsizlərə, qapıya papaq atanlara pay verilir, hamı sevinir, küsülülər barışır, insanlar deyir-gülür, şənlik edir, bir-birinə xoş günlər arzulayırlar.
    Bahar insan həyatında uşaqlıq və gənclik dövrünə bənzəyir. Biz dayanmadan qaçıb-oynamaq istəyirik. Təmiz bahar havasını ciyərlərimizə doldurduqca biz yenidən doğulur və gümrah oluruq. İnsanın ürəyi xoşbəxtlik və hüzurla dolur. İnsanlar sadəcə səyahət etmək, gəzmək və əylənmək istəyirlər. Yaz mövsümündə təbiət ən gözəl paltarını geyinir, özünü bəzəyir. Bahar təbiət üçün də, bizim üçün də oyanışdır. Bahar insanları təravətləndirən, insanlara təbəssüm bəxş edən, qışa vida mesajları daşıyan fəsildir. Həyatla doludur, ümidlə doludur.
    Mən arzu edirəm ki, yurdum, vətənim həmişə bahar təravətli, bahar ovqatlı olsun. Qoy bu bahar yurdumuza, elimizə, obamıza yeni bir nəfəs gətirsin. Xalqımız xoş və firavan yaşasın. Körpələrimizin üzü gülsün. Səmamız aydın olsun.
    Bayramın mübarək, Azərbaycan! Bayramın mübarək, doğma xalqım!

    Gülçöhrə Kərimova,
    İ. Məmmədov adına 2 saylı məktəb-liseyin
    Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 11:18

İsmarıclar bağlıdır.