“Ağ ölüm” sərhəd tanımır
Növbəti tədbir Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində keçirilib. Tədbirdə rayon polis şöbəsinin rəisi polis polkovniki Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Tərtər təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, narkoloq həkim Rima Axundova və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin həyətində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Umudlu məktəbinin kollektivi uzun illər doğma kənddən uzaq düşsə də, burada Umudlunun ənənələri yaşadılır. Bunu şagirdlərin təhsildə qazandıqları uğurlar da sübut edir. Belə ki onlar nəinki rayon miqyasında, həm də respublika səviyyəli müxtəlif müsabiqələrdə, yarışmalarda uğur qazanırlar.
Bununla belə, həyatda heç kim xoşagəlməyən hadisələrdən sığortalanmayıb. Xüsusilə “ağ ölüm” adlanan bəla sərhəd tanımır. Onu yaxın buraxmamaq üçün isə maariflənmək, məlumatlı olmaq lazımdır.
Polis rəisi Elçin Qasımov öz məruzəsində şagirdlərə narkomaniya və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək, onları ayıq-sayıq olmağa çağırdı, rastlaşdıqları mənfi hallarla bağlı polis əməkdaşlarına müraciət etməyi tövsiyə etdi.
Tədbir iştirakçıları digər çıxışçıların da məsləhətlərini diqqətlə dinlədilər. Belə nəticəyə gəlindi ki, “Narkotiklərə yox!” demək üçün birgə mübarizə aparmaq lazımdır. Burada valideynlərin, məktəbin və şagirdlərin özlərinin üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə Rima həkim erkən nikahla bağlı valideyn məsuliyyətinin vacibliyini önə çəkdi. Çünki hər şey ailədən başlayır. Uşaqların taleyi ilə bağlı sonrakı peşimançılıq fayda vermir.
Sonda qonaqlar müzakirə olunan mövzularla bağlı şagirdlərin suallarını cavablandırdılar. Narkomaniyanın zərərli təsirlərinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
“Yeni Tərtər”