Zaman sürətlə ötüb keçir. Bacarsaq da, bacarmasaq da, bu sürətlə ayaqlaşmalıyıq. Elə bil dünən yalançı çərşənbələrin gəlişinə sevinirdik. İndi isə ilaxır çırşənbə astanadadır. Onu yola salıb Novruzu, baharı qarşılayacağıq.
Novruz xalqımızın qədim və çox gözəl milli adət-ənənələrindən biri olmaqla, əsrlərdir ki, həyatımıza yeni nəfəs, xoş əhval-ruhiyyə, bolluq, barışıq, mehribançılıq gətirir. Novruzu hamı sevir. Qocalar da, uşaqlar da. Həyətlərdə tonqallar qalananda yaşlılar öz cavanlıqlarını ya-da salır, balacalar isə bitib-tükənməyən arzularının qanadlarında səmalara uçmaq istəyirlər. Həmin gün hər kəs ən çox arzuladığı insanlarla görüşə bilir. Çünki adətdir, valideynlər, qohumlar ziyarət edilir, küsülülər barışır. Hər evdə bol ruzi olur ki, qarşıdakı il də ruzili-bərəkətli olsun.
Novruzqabağı günlərdə dünyadan köçən doğmaları yad etmək də nəsildən-nəsilə ötürülən adətlərdən biridir. Builki bayram günlərində də şəhərimizin hər iki qəbiristanlığında, eləcə də kənd qəbiristanlıqlarında şəhidlərimizin əziz xatirəsi yad olundu, eləcə də insanlar öz doğmalarının məzarlarını ziyarət etdilər. Rayonumuzdan uzaqda yaşayanların çoxu həmin gün vaxt tapıb doğma Tərtərə gəldilər. Bu da milli adətimizin bir qiymətli cəhətidir, əlaqələrin qırılmasına, unudulmasına yol verilmir.
Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında belə deyib:”Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də xalqımızı birləşdirən bu bayramın mahiyyətini çox yüksək qiymətləndirir. Ötən ilin Novruz bayramında onun məhz Tərtərdə, işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində gur yanan tonqal ətrafında dayanaraq Azərbaycan xalqını təbrik etməsi buna nümunədir. Novruz bayramının əcdadlarımızın indiki nəsillərə misilsiz yadigar olduğunu söyləyən Prezident İlham Əliyev deyib: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.
Üçüncü ildir ki, işğaldan azad edilmiş torpaqlarda bitən otlar, açan çiçəklər yazın gəlişinə çox sevinir. Daha bunlara yağı ayaqları dəyməyəcək.Bir çox yerlərdə bayram tonqalları qalanacaq. Qarabağda görülən möhtəşəm işlər burada qarşılanacaq uğurlu, xeyrli baharlardan xəbər verir.
Svetlana BAĞIROVA